31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.

SİA xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan xalq hərəkatı fəallarının təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə