ETSN-də ilin son mətbuat konfransı

ETSN-də ilin son mətbuat konfransı

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində media nümayəndələrinin iştirakı ilə 2019-cu ilin son tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev çıxış edib.

O bildirib ki, 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri meşə sahələrində ümumilikdə 1 milyon 764 min 356 ağac əkilib. Eyni zamanda, 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ümumilikdə 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə çıxışında vurğulayıb ki, Azərbaycanın milli parklarının ekoturizm marşrutlarını və nadir təbiət mənzərələrini əks etdirən Azərbaycan və ingilis dillərində yeni kitab nəşr edilib. Kitabda ilk dəfə olaraq Azərbaycanın milli parklarındakı 110 ekoturizm marşrutu xəritələşdirilib və ətraflı sxemi verilib. Turistlər üçün yol göstəricisi sayılan və ərazi haqqında əvvəlcədən məlumatlanmaq imkanı yaradan kitabda ekoturizm marşrutlarının məsafəsi, marşrut üzərindəki xidmət məntəqələri və yaxınlıqdakı müxtəlif obyektlər barədə məlumat verilib.

Mətbuat katibi qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən bir sıra xidmətlər, o cümlədən ovçuluq biletinin alınması, dəyişdirilməsi bu ilin sentyabr ayından başlayaraq ASAN xidmət vasitəsi ilə həyata keçirilir. Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunur. Ötən müddət ərzində 5 saylı ASAN xidmət vasitəsilə ovçuluq biletinin alınması üçün 545 müraciət olunub. 294 müraciət ovçuluq biletinin istifadə müddətinin artırılması, 251 müraciət isə ovçuluq biletinin alınması üçün imtahanda iştirak etmək məqsədi daşıyıb.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası və Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət monitorinq qrupu Azərbaycanda bir gündə 650 min ağacın əkildiyi ərazilərin birinci monitorinqini başa çatdırıb: "Keçirilən monitorinqlərin nəticələrinə görə Şamaxı, Sabirabad, Saatlı, Gəncə və Bakı şəhərinin Nərimanov, Səbail, Xəzər, Xətai, Nizami rayonlarının ərazilərində əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq olunduğu, damcılı suvarma sistemi ilə təmin edildiyi və mütəmadi suvarıldığı müəyyən olunub. Bir sıra rayonların ərazilərində isə əkilən ağacların, bəzi yerlərdə bərkidici dayaq olmadığından əyilməsi, dayaqların küləkdən sonra aşması müşahidə edilib. Lakin çatışmazlıqlar tez bir zamanda aradan qaldırılıb. Hesab edirik ki, ağaclara ən yaxşı qulluq göstərildiyi ərazilər may-iyun ayında keçiriləcək ikinci monitorinqlərdən sonra məlum olacaq. İkinci monitorinq zamanı ağacların bitiş faizi müəyyənləşəcək, suvarma təminatının nəticələri görünəcək. Ümumiyyətlə isə əkilmiş ağaclara göstərilən qulluq səviyyəsinə, suvarma şəraitinə daimi nəzarət olunması barədə YAP gənclər təşkilatının yerlərdəki nümayəndələrinə tövsiyələr verilib və bu iş mütəmadi olaraq davam etdiriləcək".

ETSN-in Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva Yeni il bayramında gözlənilən hava haqqında danışıb. "Hər yerdə bayram əhval-ruhiyyəsi hökm sürür. Bəs biz sinoptiklər əhalimizi nə ilə sevindirə bilərik? Düşünürəm ki, ilk növbədə fəal istirahət üçün əlverişli olacaq xoş hava ilə".

Hidremetroloqun sözlərinə görə, Respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, 31-də günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir: "Yeni İlin ilk günü isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır. Bu da təbiətə səyahət üçün əlverişli fon və yüksək əhval – ruhiyyə yaradacaq. Azərbaycanda isə ziyarət üçün kifayət qədər gözəl məkanlar mövcuddur. Məsələn, Avropanın ən böyük ceyran populyasiyası olan Şirvan milli parkını göstərmək olan. Hələ qədim dövrlərdən şairlərimizim şeirlərində tərənnüm olunan, təbiətimizə gözəlliyi və zərifliyi ilə xüsusi yaraşıq verən heyvanları seyr edə bilərsiniz. Şirvan milli parkında havanın temperaturu 10-13 dərəcə dərəcə təşkil edəcək. Qeyd etmək istərdim ki, parka nəqliyyat vasitələri ilə daxil olmaq da olar. Bildiyiniz kimi hal-hazırda quşların miqrasiya dövrü bitib və on minlərlə, yüz minlərlə quş ölkəmizə qışlamağa gəlib. Onların qışlama ərazisi Ağgöl və Qızılağac milli parklarıdır. Flaminqoların gözəlliyi Sizi heyran edəcək. Quşları seyr etmək üçün müşahidə vasitələri də var. Havanın temperaturu bu ərazidə 10-14 dərəcəyə yaxın olacaq. Göygöl, istər yay olsun, istər qış, həmişə gözəldir. Yayda yaşıl olan meşələrimiz indi sarı və qırmızı rəngdə boyanıb. Səyahətçiləri Göygöl və Maralgölün gözəlliyi valeh edəcək. Havanın temperaturu burada 9-11 dərəcə isti, gecəyə doğru isə 2 dərəcə şaxta olacaq. Qar və qış istirahət növlərinin həvəskarları isə Şahdağ milli parkını ziyarət edə bilərlər.Gündüz saatlarında orada havanın temperaturunun 0-5 dərəcə isti, gecə isə 3-8 dərəcə şaxtaya yaxın olacağı gözlənilir. Şahdağ ziyarətçiləri üçün ən yaxşı syurpriz isə əraziyə gətirilən zubrlar və yeni dünyaya gətirilmiş zubr balası olacaq ki, onu da Şahzubar adlandırıblar. Qeyd etmək istəyirəm ki, bayram günləri bütün milli parklara ziyarət pulsuz olacaq. Bir sözlə, sizləri evdə oturmamağa və aktiv istirahətə dəvət edirik. Xoş hava şəraiti buna imkan verəcək. Hava haqqında məlumata yenə qayıdaraq, qeyd etmək istərdim ki, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni İl ərəfəsində 31 dekabrda yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunmuşdur. Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı ilərdə qar yağmışdır. 2009-cu ildə hətta hündürlüyü 14 santimetr olan qar örtüyü əmələ gəlmişdir ki, bu da Bakı üçün nadir hadisədir. Göz önümüzdə iqlim dəyişiklikləri baş verir. ÜMT-nın məlumatına görə qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır və s. Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır, Çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır. Biz çox istırdik ki, 2020-ci ildə və növbəti illərdə suya xəssaslıqla yanaşaq. Cünki su təbiətin bizə bəxş etdiyi sərvətdir. Bir çox ölkələr susuzluqdan böyük əziyyət çəkir. Biz də gündəlik həyatımızda sudan səmərəli istifadə etməliyik. Hamımız dəyişən iqlim şəraitinə uyğunlaşmalıyıq".

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə