Bakıda "Zirehli Tankı" ilə avtomobilləri əzib keçən kimdir?

Bakıda "Zirehli Tankı" ilə avtomobilləri əzib keçən kimdir?

Paytaxt küçələrində təhlükə saçdı, kasıbların min bir əziyyətlə aldığı ucuz avtomobilləri əzib keçdi, Yol polislərinin əməkdaşlarını bilərəkdən məsxərəyə qoydu. Bakı yollarında “at oynadan” Kənan Davudzadənin özbaşınalığının nə zaman son qoyulacaq?

90-TS-770 dövlət qeydiyyat nişanlı "Nissan Patrol” markalı zirehli avtomobili idarə edən Kənan Davudzadə bu cür nəqliyyat vasitəsindən ona görə istifadə edir ki, qarşısına çıxan sürücüləri "qayda pozması" adı altında qəsdən əzib keçsin. Bu yerdə 1990-cı il yanvarın 20-də keçmiş Sovet ordusu tankla Azərbaycanda avtomobillərin üstündən keçmə anı xatirələrimdə canlandı.

Görünür Davudzadə öz millətinə düşmən kəsilib. Bu şəxsin ziyan vurduğu insanlar hansısa şəhidin, Qarabağ qazisinin övladları ola bilər. Az-çox qanunları bilməyi Davudzadəyə xüsusi səlahiyyət vermir ki, “Zirehli tankı" ilə hansısa vətəndaşların avtomobillərinə ziyan vursun, yol polisi işçilərini isə bilərəkdən lağa qoysun. Bir anlıq Kənanın baxışından cəmiyyətə nəzər yetirsək belə çıxır ki, əgər piyada yolu səhvən keçirsə avtomobil qəsdən vurub onu öldürməli, sürücülər bilməyərəkdən qarşısına çıxarsa onun avtomobillini vurub əzməlisən. Görünür bu şəxsin psixologiyasında problem var. İlk olaraq hər bir nəqliyyat vasitələrini idarə edənlərin sürücülük mədəniyyəti olmalıdır. Ola bilər bəzi sürücülər rayondan, bəziləri isə yeni-yeni sükan arxasına əyləşib, belə olan halda bəzi avtomobil idarə edənlərin qayda pozması qaçılmazdır və bunu da qanunla tənzimləmək Dövlət Yol Polisinin ixtiyarına düşür. Yoxsa bu ölkədə hər bir imkanlı şəxs, Kənan Davudzadə kimi "Tank" alsın və qarşısına çıxan kasıbları əzib keçsin. O zaman qanunlar nəyə lazımdır?

Ekspert Elməddin Muradlı bildirib ki, dəmir zirehli avtomobillər sırf dağ-dərə, yarış üçün nəzərdə tutulur: "Lakin bu şəxs göründüyü kimi, paytaxt küçələrində həmin avtomobili idarə edir. Kənan Davudzadə sürücü kimi digərlərinə qayda-qanun dərsi keçməyə çalışır. Amma özünün isə belə kobud hərəkətlər etməsi anlaşılan deyil. Avtomobillərdə dəmir "bufer”lər plastiklə müqayisədə çox təhlükəlidir. Məsələn belə avtomobillər qəza zamanı piyadanı vurarsa, dəmir onu kəsib doğraya bilər, plastik isə bir o qədər də təhlükəli deyil, insana az xəsarət yetirir. Dəmir "bufer”in avtomobilə yerləşdirilməsinin hansı funksiyanın yerinə yetirməsi də məlum deyil”.

Bu şəxsin özəlliklə DYP əməkdaşlarını məsxərəyə qoyması da həqiqətən utancverici bir haldır. Üstəlik etdiyi hərəkətlərin də video görüntüsünü çəkərək sosial şəbəkələrə yerləşdirir. K.Davudzadənin etdiyi bu cür hərəkətlərinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının göz yumması ağıllara da bir çox sual yaradır. YPX əməkdaşları ya Davudzadən qorxurlar, ya da “gözü kölgəlik” məsələsi var.

Ekspert Elməddin Muradlı qeyd edib ki, yol polisi əməkdaşları K.Davudzadəni saxlayandan sonra geri çəkilirlər: "Azərbaycanın atributları olan nömrənin, bir detalın sadəcə üzüaşağı vurulmasının nə demək olduğunu anlamıram. Həmin sürücünü saxlayan yol polisi əməkdaşları ondan sanki qorxurlar. Sürücü həmin vaxt kameranı işə salır və polis əməkdaşları da geri addım atıb, onu yola verirlər. Doğurdanmı yol polisi sistemində bir savadlı inspektor yoxdurmu ki, çıxıb Kənan Davudzadənin qanun pozduğunu sübut eləsin?

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə