Pirallahıda “Yeni 2020-ci il” münasibəti ilə silsilə tədbirlər davam edir FOTOLAR
Rayon İcra hakimiyyəti ilə YAP Pirallahı rayon təşkilatı qəsəbədə yerləşən “Gənclər parkında” bayram təşkil edib
“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2020-ci il” münasibətilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilməkdədir. SİA xəbər verir ki, rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.
Növbəti belə bayram tədbiri rayon İcra hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsində yerləşən “Gənclər Parkı”nda keçirilib. Tədbirdə Pirallahı RİH-nin başçısı Vasif İmanov və əməkdaşları, eləcə də rayon sakinləri iştirak ediblər. Xüsusi tərtibatla bəzədilmiş “Gənclər Parkı”nda bayram əhval-ruhiyyəsi hökm sürürüb.
İştirakçıları salamlayan RİH-nin başçısı Vasif İmanov qeyd edib ki, 2019-cu il Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm uğurlarla yadda qalacaq. Bu dövrdə iqtisadiyyat yüksək templə inkişaf edib. Görülən tədbirlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafına verilən dəstək, onun xüsusi çəkisinin artması son nəticədə ölkənin iqtisadi və hərbi gücünü dəfələrlə artırıb.
Diqqətə çatdırılıb ki, əvvəllər olduğu kimi, bu il də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması və yeni sosial obyektlərin tikintisinə dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət verilib.
Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən V.İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə edib.
Natiq arxada qalan 2019-cu ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibəti ilə təbrik edib.
Milli Məclisin V çağırış deputatı Rauf Əliyev isə çıxış edərək bildirib ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində həmvətənlərimiz tərəfindən qeyd olunur.
Pirallahı sakinlərinin böyük maraqla izlədiyi bayram tədbiri əməkdar artistlər Elnur Süleymanov, Almaz Orucova, Günel Şeyxova, Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblinin ifasında konsert proqramı ilə davam edib.
Bayram tədbirinin sonunda isə, şaxta baba, qar qız və nağıl qəhrəmanları uşaqları bayram sovqatları ilə sevindiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB