Polis gücləndirilmiş iş rejimində işləyəcək

Polis gücləndirilmiş iş rejimində işləyəcək

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2019-cu il dekabrın 31-dən 2020-ci il yanvarın 6-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha nümunəvi və etibarlı qorunmasının təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri xidməti fəaliyyətini gücləndirilmiş iş rejimində həyata keçirəcək. Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdıqları yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün qüvvə və imkanlar səfərbər ediləcək. Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə