"AMEA-nın inkişafı üçün islahatlara ehtiyac var"

"AMEA-nın inkişafı üçün islahatlara ehtiyac var"

Bu gün akademiyanın qarşısında tamamilə yeni vəzifələr dayanır. Hazırkı şəraitdə akademiyanın elmi potensialının inkişafı üçün islahatlara ehtiyac var. SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, bu vəzifə də dünya elminin inkişafı meyllərindən, ölkənin intellektual modelə əsaslanan inkişaf istiqamətindən irəli gəlir.

Akademik qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası dövlət başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlara elmin dəstəyini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir.

O əlavə edib ki, Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas hədəflərindəndir. Dövlətin gələcək hərbi, siyasi, iqtisadi, mədəni gücü elmi potensialla bağlıdır: "Yaradılmasından 3 il keçməsinə baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında işlər müasir tələblər səviyyəsində qurulmayıb. Hər bir institut dövlət proqramlarından irəli gələn məsələnin həllində öz yerini müəyyən etməlidir. Akademiya öz intellektual potensialı ilə mühüm dövlət proqramlarının, elmi-tədqiqat layihələrinin əsas eksperti funksiyasını həyata keçirməlidir. Təəssüf ki, bu günə kimi akademiya bu məsələlərdən kənarda qalıb. Elmi fəaliyyət sahəsində mövcud olan nöqsanların, elmi müəssisələrdə tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması işinin düzgün qurulmamasının nəticəsidir ki, hazırkı şəraitdə respublika üçün faydalı ola biləcək yüksək ixtisaslı kadrların xarici ölkələrə, sahibkarlıq fəaliyyəti sahəsinə və digər strukturlara axını günümüzün reallığına çevrilib. Bütün bu nöqsanların aradan qaldırılması üçün akademiyanın strukturu tamamilə yenidən qurulmalı, onların inkişaf hədəfləri, prioritetləri müəyyənləşdirilməli və təxirəsalınmaz tədbirlər keçirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə