Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq Çanaqqala döyüşlərində azərbaycanlıların da iştirak etdiyini bildirib

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq Çanaqqala döyüşlərində azərbaycanlıların da iştirak etdiyini bildirib
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir. SİA-ya qurumun mətbuat mərkəzindən verilən məlumata görə, heyət 18 mart 2011-ci il tarixində Çanaqqala dəniz zəfərinin 96-cı ildönümü törənlərində iştirak edib. Türk millətinin tarixi dönüm nöqtəsi olan Çanaqqala zəfəri hər il Türkiyədə böyük bayram tədbirləri ilə qeyd olunmaqdadır. Keçirilən tədbirlərdə iştirak edən Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu il keçirilən bayram tədbirlərində ilk dəfə olaraq Çanaqqala döyüşlərində azərbaycanlıların da iştirak etdiyini bildirərək Bakının adını dəfələrlə qeyd edib və bütün şəhid Məhmətçiklərlə yanaşı şəhid Azərbaycan türklərini də minnət və şükranla andığını çıxışlarında bəyan edib. Türkiyənin Baş naziri törənlərdə iştirak edən Azərbaycan nümayəndə heyəti ilə görüşüb. BDM sədri İsmayıl Ağayev Rəcəb Tayyib Ərdoğanla görüşdə Çanaqqalada şəhid olmuş Azərbaycan türklərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı istəklərini bildirərək, abidənin lahiyə planını və nəzərdə tutulmuş digər sənədlər paketini Baş nazir Ərdoğana təqdim edib. Türkiyə Cümhuriyyəti Baş naziri BDM-in nümayəndə heyəti ilə söhbətində Azərbaycan şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün gərəkli işlərin görülməsi üçün lazımi dəstəyin verəcəyini və bu istiqamətdə onun bildirdiyi kimi incələmə aparacağını qeyd edib. Baş nazir Azərbaycan nümayəndə heyəti ilə xatirə rəsmi çəkdirib. BDM-in nümayəndə heyəti Çanaqqala şəhidliyində Azərbaycan türklərinin xatirəsinə qoyulmuş lövhənin qarşısında Türkiyədə təhsil alan Azərbaycanlı tələbələr və diasporumuzun nümayəndələri ilə birlikdə anım tədbiri keçirib. BDM sədri İsmayıl Ağayev və BDM-in Rusiya təmsilçiliyinin rəhbəri Ələmdar Nəbiyev TRT kanalı ilə canlı yayında iştirak edərək Çanaqqala zəfərinin Türk dünyası tarixindəki rolu və şəhid olmuş Azərbaycan türkləri haqqında çıxış ediblər. Keçirilən tədbirlərdə Azərbaycan diasporunun Türkiyədəki fəallarından Zəfər Çağatay, Yaşar Şakı, azərbaycanlı tələbələrdən Rövşən Lətifov, Nicat Elçi, Elgün Bağırov, Samir Yusubov və digərləri iştirak edib. BDM-in nümayəndə heyəti 19-20 mart 2011ci il tarixlərində İstanbul şəhərində Novruz şənliklərinə qatılacaq diaspor nümayəndələrimiz və buradakı ictimai siyasi təşkilatlarla görüşlər keçirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə