"Hadisələr, ölüm faktları azalıb, xəsarət dərəcələri yüngülləşib" EKSKLÜZİV -AÇIQLAMA

"Hadisələr, ölüm faktları azalıb, xəsarət dərəcələri yüngülləşib"  EKSKLÜZİV -AÇIQLAMA

"Biz yol polisi olaraq istəyirik ki, ətraf mühitin mühafizəsində cəmiyyətimizin hər bir üzvü öz fəallığını artırsın". Bunu bu gün SİA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirə mövzusunda keçirilən tədbirin əhəmiyyəti barədə suala cavab verərkən deyib.

Şöbə rəisi qeyd edib ki, 2019-2023-cü illər üçün dekabr ayının 27-də təsdiq edilmiş Yol Hərəkəti Təhlükəsizliyi Üzrə Dövlət Proqramından artıq bir il keçib və bu bir ildə Dövlət Yol Polisinin əldə etdiyi nəticələrə nəzər saldıqda görürük ki, hadisələr, nəticədə ölüm faktları azalıb və xəsarət dərəcələri yüngülləşib: “Bu artıq yol polisi tərəfindən keçirilən məqsədli tədbirlərin nəticəsidir. Eləcə də bugünkü keçirilən tədbirdə həm yol polisi, həm sürücü, həm paytaxt sakini, həm ölkə vətəndaşı olaraq cəmiyyətimizə üz tuturuq, ətraf mühitin mühafizəsində dəstək olmağa səsləyirik. Eyni zamanda keçirilən bu tədbirdə texniki cəhətdən nasaz, istismara yararsız olan nəqliyyat vasitələrinin sürücülərinə səslənirik. Könüllü olaraq bu tipli avtomobillərin yol hərəkətində istismar edilməsinin təhlükə olması, başqa sürücülərin hərəkəti üçün təhlükə və maneə yaratdığını da nəzərə alıb onların könüllü olaraq utilizasiya edilməsinə səsləyirik. Əgər söhbət ətraf mühitin mühafizəsindən gedirsə, ekoloji təmizliyin qorunmasına nəzarətin gücləndirildiyi bir dövrdə ümumiyyətlə, hər kəsə müraciət edirik ki, gəlin təhlükəsizliyimizi birgə təmin edək. Eyni zamanda bu yol hərəkəti təhlükəsizliyi üzrə qəbul edilmiş Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsində hər kəs fəallığını artırmalıdır. Çünki, bu son 5 ildə mövcud vəziyyəti, mövcud şəraiti nəzərə alırıqsa, mən hesab edirəm ki, hadisələrin sayca aşağı düşmə ehtimalı artıq olmalıdır. Ona görə ki, müasir dövrün müasir tələbləri özünü biruzə verir. Dünyanın 6 inkişaf etmiş hegemon dövlətində istifadə edilən “I-patrul” sistemi bu gün artıq Azərbaycanda tətbiq edilib. Yəni bu da o deməkdir ki, bu texniki vasitələrin gücündən səmərəli istifadə etmək üçün hər bir hərəkət iştirakçısı öz hərəkəti ilə nümunə göstərməlidir, ən azından yol hərəkətində təhlükəsiz davranış vərdişləri hərəkət iştirakçıları arasında geniş yayımlanmalıdır ki, yol qəza hadisələri baş verməsin".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə