Yol polisi velosipedçiləri və mopedçiləri nəzarətə götürür

Yol polisi velosipedçiləri və mopedçiləri nəzarətə götürür

Baş Dövlət Yol Polisi İdarəsi velosipedçiləri və mopedçiləri nəzarətə götürür. İdarədən SİA-ya bildiriblər ki, davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlər bu dəfə ölkəmizdə sayı artmaqda olan velosipedçilərə və moped sürücülərinə həsr edilib.

Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində velosiped və moped idarə edən şəxslərlə maarifləndirici söhbət apararaq onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı, idarəetməyə mane olan yük daşımamağı, təhlükəsizlik dəbilqəsindən istifadə etməyi, hərəkətdə olarkən telefonla danışmamağı və günün qaranlıq vaxtı işıqqaytarıcı elementlərdən istifadə olunmasını da tövsiyə ediblər.

Velosiped və moped sürücülərinə qanunla yerinə yetirməli olduqları vəzifələr bir daha xatırladılıb və onlara yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış tövsiyə xarakterli bukletlər paylanıb.

Bu qəbildən olan profilaktik tədbirlər hazırda ölkəmizin digər regionlarında da davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə