YAP Gənclər Birliyi Novruz bayramı münasibətilə Bakı və paytaxtətrafı rayonlardakı 60 ailəyə bayram sovqatı aparıb

YAP Gənclər Birliyi Novruz bayramı münasibətilə Bakı və paytaxtətrafı rayonlardakı 60 ailəyə bayram sovqatı aparıb
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Novruz bayramı münasibətilə Bakı və paytaxtətrafı rayonlardakı kasıb, kimsəsiz, əlil, şəhid ailələrinin bir qrupuna bayram sovqatı aparıb. SİA-nın xəbərinə görə, bayram sovqatlarının paylanmasında YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, icra katibinin müavini Siyavuş Novruzov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və gənclər birliyin üzvləri iştirak ediblər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bayram sovqatı Bakı və paytaxətrafı rayonlarda yaşayan 60-a yaxın ailə üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bayram zənbilində yağ, qənd, çay, düyü, ət, toyuq əti, meyvə və digər qida məhsulları var.

"Dövlətimiz hər zaman sosial layihələri daha öndə tutub və biz də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq aparılan siyasətə dəstək olaraq sosial yönümlü fəaliyyətimizi artırırıq. Burada əsas məqsədimiz odur ki, partiya olaraq kimlərəsə müəyyən dərəcədə faydamız toxunsun. Bu aksiya Bakının bütün rayonlarını əhatə edəcək. Kimin ən çox ehtiyacı varsa, onlara kömək etməyi nəzərdə tutmuşuq. Dövlət hər zaman kimsəsiz, aztəminatlı ailələlərə öz qayğısını göstərir. Biz də partiya gəncləri olaraq buna dəstək üçün bayram aksiyasını həyata keçiririk. Bu bizim ilkin, başlanğıc aksiyalarımızdır. Gələcəkdə belə sosial yönümlü aksiyalarımız davamlı olacaq. Növbəti ildən isə bayram ərəfəsində belə aksiyaları bölgələrdə də təşkil etməyi və orada yaşayan ailələri də sevindirməyi nəzərdə tuturuq", - deyə o əlavə edib.

İlk öncə YAP-ın Mərkəzi Qərargahında Binəqədi rayonundan olan kimsəsiz ailələrə bayram sovqatları təqdim olunub. Daha sonra isə digər rayonlar üzrə ailələrə sovqatların paylanmasına başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə