Bu gün Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasında növbəti mühüm addım və məhkəmə istifadəçiləri üçün çox faydalı olan "Mobil məhkəmə" proqram təminatının geniş ictimai təqdimatı olub. SİA-nın xəbərinə görə, tədbirdə Ədliyyə Nazirliyinin, Prezident Administrasiyasının, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının məsul şəxsləri, millət vəkilləri, hakimlər, prokurorlar, sahibkar və bank sektorunun təmsilçiləri, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.
Təqdimatı açan nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın demokratik inkişaf yolu ilə inamla irəlilədiyi, bütün sahələrdə qazanılan nailiyyətləri qeyd edib, məhkəmə-hüquq sistemindəki islahatlardan və yeniliklərdən bəhs edib.
O bildirilib ki, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm "yol xəritəsi" olaraq ötən müddətdə xeyli işlər görülüb, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni, o cümlədən bu ərəfədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi, özəl məhkəmə ekspertizası institutunun yaradılması ilə bağlı mühüm qanunlar qəbul olunub: "Dövlət başçısının tapşırıqlarına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin funksionallığının artırılması üzrə əməli tədbirlər görülüb, o cümlədən məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştirak etməyə və s. imkan verən "Mobil məhkəmə" proqram təminatı işlənib hazırlanıb.
Ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, yaradılan "Mobil məhkəmə"nin dünyada tətbiqinə çox az rast gəlinir və demək olar ki, Azərbaycan bu sahədə birincilər sırasındadır".
Daha sonra tədbirdə mobil məhkəmə barədə təqdimat nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması yolunda növbəti mühüm addım və məhkəmə istifadəçiləri üçün çox faydalı hədiyyə olan "Mobil məhkəmə" məhz bu gündən – 24 dekabr tarixindən istifadəyə verilir. Artıq bu tarixdən etibarən vətəndaşlar "Elektron məhkəmə" informasiya sisteminin imkanlarından mobil qaydada istifadə edəcək və faydalana biləcəklər.
Daha sonra çıxış edən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib ki, Ədliyyə Nazirliyi son dövrlərdə elektron xidmətlərlə bağlı mühüm addımlar atır: "Belə bir sistemin yaradılacağını bilirdik, lakin sistemin tez bir zamanda ərsəyə gələcəyini gözləmirdik. Ötən il dövlət başçısı tərəfindən bu istiqamətdə mühüm tapşırıqlar verilmişdi. Artıq nazirlik tərəfindən görülən işlərdə tapşırıqların həlli görünür. Veb resursların mobil inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Yeni tətbiq Məhkəmə prosesi işinin daha da sürətlənməsinə şərait yaradacaq. Hesab edirəm ki, əlçatanlıqla bağlı məqamları daha da gücləndirmək mümkündür".
Tədbirin davamında çıxış edən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qeyd edib ki, uzun illər müddətində məhkəmə prosesləri ilə bağlı mediadan qaçmaq kimi streotiplər var idi ki, Ədliyyə Nazirliyi tərəfindən yaradılan elektron sistemlər bu problemlərin qarşısının alınmasına xidmət edir: "Ümid edirəm ki, bu cür sistemlər digər qurumlarda da tətbiq olunacaq".
Təqdimat mərasimi sual-cavab sessiyası şəklində davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB