Nəsir Ağayev: "Bakıətrafı kənd və qəsəbələrdə sahibkarlığın inkişafı üçün gözəl imkanlar var" - MÜSAHİBƏ

Nəsir Ağayev: "Bakıətrafı kənd və qəsəbələrdə sahibkarlığın inkişafı üçün gözəl imkanlar var" - MÜSAHİBƏ

Bakıətrafı kənd və qəsəbələr birliyinin rəhbəri Nəsir Ağayevin SİA-ya müsahibəsi


- Nəsir müəllim, hər bir region özünün malik olduğu xüsusiyyətləri ilə seçilir. Bakıətrafı kənd və qəsəbələr daha çox hansı əlamətlərinə, istehsal və kənd təsərrüfatı məhsullarına görə fərqlənir? 

- Ümumiyyətlə, tarixən Bakı və Bakıətrafı kənd və qəsəbələrin bir-birinə sıx bağlılığı və möhkəm ələaqələri olub. Bu prinsip hələ də öz mövcudluğunu qoruyub saxlamaqdadır. İstər ictimai, istərsə, iqtisadi, istərsə də mənəvi münasibətlərinə görə, Bakı kəndləri arasında normal münasibətlər olub. Elə bu səbəbdən də Bakı kəndlərinin ab-havası özünü şəhərimizdə də hiss etdirib. Bakı kəndlərinin əvvəlki tarixi mövqeyi ondan ibarət olub ki, bu kəndlər məşğul olduqları sahələr üzrə ixtisaslaşıblar. Misal olaraq, Bakının Məhəmmədi, Qala kəndlərində, Digah, Masazır qəsəbələrində taxılçılıq və sənətkarlıq geniş inkişaf edib. Bu ərazilərdə, həmçinin, maldarlıqla məşğul olan xüsusiləşmiş yerlər mövcuddur ki, bunlardan da ən məşhurları Buzovnadakı fermer, əkinçilik, ovçuluq, balıqçılıq təsərrüfatlarıdır. Mərdəkan, Nardaran və Bilgəhdəki bağçılıq, sənətkarlıq, balıqçılıq üzrə ixtisaslaşmış sahələr  Bakıətrafı kənd və qəsəbələrin ölkə iqtisadiyyatına nə dərəcədə faydalı olmasını göstərir. Bir faktı da qeyd edim ki, Maştağa qəsəbəsi Bakı kəndləri arasında bir ticarət mərkəzi rolunu oynayır. Ona görə ki, bu gün Bakı kəndlərində nə istehsal olunursa hamısı ilk olaraq Maştağa kəndində satışa çıxarılırdı, buradan özünün satış bazarını tapırdı. Beləliklə, Bakıətrafı kəndlərdən alınan malların əksəriyyəti Maştağa qəsəbəsi vasitəsi ilə Bakı şəhərində fəaliyyət göstərən bazarlara çıxarılırdı. Bakı kəndlərində iqtisadiyyatın bu cür təbii qaydada qurulması ən çətin illərdə bu kəndlərin mürəkkəb vəziyyətdən şərəflə çıxmalarına səbəb olub. Bakı kəndlərinin tarixi abidələri və qədimliyi bu gün də diqqəti cəlb edir. Çünki qədim zamanlardan Bakı kəndləri öz tarixi abidələri və istehkamları ilə məşhur olub. Bu mənada, son dövrlərdə ölkə Prezidenti İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair vermiş olduğu göstərişlər, atmış olduğu addımlar Bakı kəndlərinin daha da dirçəlməsinə xidmət edir.
Bir faktı da qeyd edim ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunan ərazilərindən, eləcə də, Qərbi Azərbaycandan köçürülmüş əhali Abşeron yarımadasında məskunlaşıb. Bu isə, Bakı kəndlərinin əkin və örüş yerlərinin tamamilə əldən çıxması ilə nəticələnib. Digər bir tərəfdən isə bu hal Bakı kəndlərinin mərasimlərinə və davranış qaydalarına da təsirini göstərib. Çünki hər bir kəndin öz xüsusiyyəti var. Bu mənada, Bakı kəndlərinin malik olduğu xüsusiyyətləri qorumaq da vacib amillərdən hesab oluna bilər. İnanırıq ki, atılan bu addım Bakı kənd və qəsəbələrində sosial həyatın tamamilə dirçəldilməsinə özünün müsbət töhfəsini vermiş olacaq.


- Sahibkarlığın daha da, inkişafı üçün nə kimi addımlar atılır?

- Bakıətrafı kəndlərdə yerli sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar atılıb və zəruri qərarlar verilib. Yuxarıda sadaladığımız kənd təsərrüfatı və digər zəruri istehsal sahələri ilə ticarət və genişmiqyaslı mal mübadilələrinin həyata keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Zirə qəsəbəsində mövcud olan geniş torpaq sahələrində kənd təsərrüfatı və yeyinti məhsullarının tədarükü formalaşır. Bundan əlavə, Türkan kəndində mövcud olan qeyri-yeyinti sahələrində də sahibkarlar normal fəaliyyətlərini davam etdirirlər.
Bütün ölkə üzrə olduğu kimi, Bakıətrafı kənd və qəsəbələrdə də fəaliyyət göstərən sahibkarlar üçün müəyyən imtiyazlar verilir, onlara normal maliyyə imkanları yaradılır. Ona görə də, atılmış olan məhz bu addım nəticəsində, inanırıq ki, sahibkarlarımız daha geniş imkanlar əldə edərək öz istehsal sahələrini genişləndirəcək və məhsul hasilatını artırıcaqlar.


- Nəqliyyat və yol infrastrukturunun vəziyyəti hansı səviyyədədir?

- Ümumiyyətlə, nəzərdə tutulmuş bu işlər ciddi nəzarət altında həyata keçirilərsə, qarşıya qoyulmuş məqsədə də bir o qədər tez vaxt ərzində nail olmaq mümkün olacaq. Onu da əlavə edim ki, son illər Bakıətrafı kənd və qəsəbələri paytaxtla birləşdirən əsas magistral yollar tamamilə yenidən qurulub. Əvvəlki illərə nisbətən, bu, olduqca böyük uğurdur. Yalnız kənd və qəsəbədaxili yollarda mümkün problemlər qalmaqdadır ki, yaxın zamanlarda da bu istiqamətdə atılan addımların nəticəsi olaraq, bunun da aradan qaldırılması mümkün olacaq.


- Bakıətrafı kənd və qəsəbələrdə istilik təchizatı sistemi hansı səviyyədədir və qaz təminatı sahəsində problemlər mövcuddurmu?

- Əvvələr Bakı ətrafında istilik təchizatı sahəsindəki problemlərin olması hamı üçün eyni idi. Bu da, öz növbəsində, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində müəyyən çətinliklərə səbəb olurdu. Təbii ki, bunun kökündə ölkəmizdə müəyyən dövr yaşanan məlum olaylar Ermənistanın Azərbaycana təcavüzü ilə sıx bağlılıq təşkil edirdi. Bu gün də müəyyən vaxtlarda qazla bağlı problemlər ortaya çıxır və biz düşünürük ki, bu məsələ də tez bir zamanda öz həllini tapacaq.


- Enerji təminatı sahəsində Bakıətrafı kənd və qəsəbələrdə bugünkü vəziyyəti necə qiymətləndirmək olar?

- Bu gün Bakıətrafı kənd və qəsəbələr sutkanın 24 saatı ərzində elektirik enerjisi ilə təmin olunur. Əvvəllər kəndlərimizdə, bir problem kimi diqqəti cəlb edən enerji təchizatı məsələsi bu gün demək olar ki, tamamilə aradan qaldırılıb. Bu isə, öz növbəsində, qeyd etdiyimiz sahibkarlığın inkişafına, müəyyən istehsalat sahələrinin yaranmasına, bir çox ictimai-iaşə obyektlərinin fəaliyyət göstərməsinə başlıca təkan verən amillərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə