Dekabrın 23-də respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsi rayonlarında da bələdiyyə seçkilərinə start verilib. SİA-nın məlumatına görə, səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsinin 418 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.
Dairə seçki komissiyalarından verilən məlumata görə, bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 386 min 992 nəfərdir. Onlardan 7 min 45 nəfəri seçkidə ilk dəfə iştirak edir.
Seçkilərdə bu rayonlar üzrə 145 bələdiyyəyə 1391 nəfər üzv seçiləcək. Mübarizə aparan namizədlərin ümumi sayı isə 4715 nəfərdir. Bələdiyyə üzvlüyünə namizədlərin 1502 nəfəri YAP və digər siyasi partiyaları təmsil edirlər. 3213 nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb.
Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, həmçinin etibarlı rabitə sistemi və elektrik generatorları ilə təchiz olunub. Bu dairələr üzrə seçkilərin gedişini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 4 min 419 nəfər yerli müşahidəçi izləyir.
112 saylı Qax seçki dairəsinin rayon Mədəniyyət Mərkəzində yerləşən 4 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb. Səsvermə seçicilərin fəallığı şəraitində başlanıb. Seçki komissiyasının sədri Musa Musayevin bildirdiyinə görə, məntəqədə 1064 seçici qeydə alınıb. Onlardan 27 nəfəri seçkilərdə ilk dəfə iştirak edir.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB