"Qarabağ naminə danış" adlı videoçarxın təqdimatı keçirildi

"Qarabağ naminə danış" adlı videoçarxın təqdimatı keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında "Qarabağ naminə danış" adlı videoçarxın təqdimatı və ilin yekunlarına həsr olunmuş tədbir keçirildi. İlk olaraq, rayon təşkilatı tərəfindən hazırlanmış "Qarabağ naminə danış" adlı videoçarx iştirakçılara təqdim edilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ölkəmizin inkişafının Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlı olduğunu bildirdi. Azərbaycanın dinamik inkişafını qeyd edən rayon təşkilatının sədri ölkəmizdəki əsaslı dəyişikliklərin və inkişafın bütün bölgələrimizi əhatə etdiyini diqqət çəkən M.İbrahimqızı, son 16 ildə Azərbaycanın qürur doğuran səhifələrini təşkil etdiyini qeyd etdi.

M.İbrahimqızı ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə islahatların aparıldığını diqqətə çəkərək, 2003-cü ildə Azərbaycanı qüdrətli dövlətə çevirəcəyini bəyan edən Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində, respublikamız siyasi-iqtisadi və mədəni mərkəz, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkə kimi tanınıb.

Rayon təşkilatının sədri M.İbrahimqızı Cənab Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirdiyini və bütün xarici səfərlərdə, eləcə də, paytaxtımızda keçirilən çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkdiyini bildirdi. O, cari il oktyabrın 3-də Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun keçirdiyi ənənəvi tədbirdə Prezident İlham Əliyev növbəti tarixi çıxışını diqqətə çəkərək, ölkə rəhbərinin hər bir çıxışının bugünkü gənclərin formalaşmasında çox böyük önəmi olduğunu bildirdi.

Rayon təşkilatı tərəfindən rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında "Qarabağ Azərbaycandır!" mövzusunda inşa-yazı müsabiqəsinin keçirildiyini diqqətə çəkərək, müsabiqədə 3000-dən çox gəncin iştirak etdiyini bildirdi.

Tədbirdə qalib olan gənclərə diplomlar təqdim olundu. Birinci yerin qalibləri isə rayon təşkilatı tərəfindən təqaüd təyin edilib. Daha sonra YAP-ın həyata keçirdiyi layihələrdə iştirakına görə bir neçə şəxsə təşəkkürnamələr təqdim olundu.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov hər bir Azərbaycan gəncinin dövlətimizin qorunmasında, onun inkişafında, ərazi bütövlüyünün bərpasında borcu və məsuliyyəti olduğunu bildirdi.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə