“Yeniləşən Azərbaycan və gənclik” - Milli Azərbaycan Tarixi Muzeyində tədbir

“Yeniləşən Azərbaycan və gənclik” - Milli Azərbaycan Tarixi Muzeyində tədbir

Dekabrın 20-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Yeniləşən Azərbaycan və gənclik” adlı tədbir keçirilib.

SİA-nın xəbərinə görə, Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı ilə “Milli Fədailər Hərəkatı”nın təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səsləndirilməsi və “Gənclər siyasəti” filminin nümayişi ilə başladı.
İştirakçıları salamlayaraq, “İnamla, İlhamla qələbəyə doğru” məruzəsi ilə çıxış edən muzeyin “Elmi-kütləvi iş və təhsil” şöbəsinin baş mütəxəssisi, YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova tədbirin önəmi barədə məlumat verərək, Azərbaycan Prezidenti İlham Əliyevin qayğı və diqqəti sayəsində son illərdə azərbaycanlı gənclərin mühüm uğurlara nail olduğunu, bacarıq və imkanlarının yeni səviyyəyə çatdığını və hüquqlarının genişləndiyini vurğuladı.
Daha sonra məruzə edən Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşları - “Numizmatika və epiqrafika“ elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Sevinc Nəsirova, “Elmi-kütləvi iş və təhsil” şöbəsinin əməkdaşı Zümrüd İsmayılova, həmçinin “Milli Fədailər Hərəkatı”nın üzvləri - sədr Fuad Muradov, sədrin birinci müavini Akif Səfərov, sədrin müşaviri Böyükbəy Əliyarbəyov və həmin Hərəkatın üzvü Zülfiyyə Nuriyeva dövlət başçısının mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətində olan uğurlarını qeyd edərək, yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalı inkişafının təmin edildiyini vurğuladılar. Məruzəçilər ölkə başçısının azərbaycanlı gənclər sırasında kadr potensialının artırılması və Azərbaycan gənclərinin beynəlxalq məkana inteqrasiyasının təmin olunmasına hərtərəfli dəstək verdiyini bildirərək, onun siyasətini alqışladıqlarını bildirdilər.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyevin canlı ifasında səsləndirilən “Heydərimiz” mahnısı tamaşaçıların alqışlarına səbəb oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə