İşləmək istəməyənlərin bəhanələrinə son qoyan ADDIM ARAŞDIRMA

İşləmək istəməyənlərin bəhanələrinə son qoyan ADDIM ARAŞDIRMA

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunu imzalayıb. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb. Gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 111 869 600 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 17 834 800 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 834 800 manat, qeyri-büdcə sektoru üzrə 76 200 000 min manat və digər gəlirlərdən 30 000 manatlıq daxilolmalar hesabına təmin ediləcək. Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2020-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 5 000 000 manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 5 000 000 manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000 manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 500 000 manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 2 000 000 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 63 735 400 manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 000 000 manat, peşə standartlarının hazırlanması 2 000 000 manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 43 000 000 min manatın yönəldilməsi nəzərdə tutulur.

Bəs görəsən qanun layihəsindən irəli gələn məsələlər necə icra olunacaq, atılan addımların əhalinin rifahına nə kimi müsbət təsirləri olacaq?

Bütün təşkilatlarda işsizlikdən sığortaya köçürmələrin həyata keçirildiyini deyən iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, hər kəs aldığı əmək haqqıya görə, 0.5 faiz işsizliyin, 0.5 faiz isə müəssisənin hesabına köçürmələr edir.

İşsizlərin problemləri necə həll olunacaq?

Onun sözlərinə görə, fonda yığılan vəsait müəyyən vaxtlarda işsiz vəziyyətinə düşən və ya iş tapmaqda çətinlik çəkən insanların problemlərinin həll olunmasına yönəldilir: “Fondun xərclərinə nəzər yetirdikdə, orada 5 milyon manatın sırf işsiz olub, iş axtaranlaraq təlim keçirilməsinə yönəldiyini görə bilərik. Fonddan müəyyən kəslərin işsizlik dövründə müavinətlərə, eləcə də peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 milyon manat ayrılıb”.

Ekspert söyləyib ki, burada əsas mahiyyət işləyən bir kəsin sonradan işsizə çevrilməsi, yeni iş yeri axtarana qədər bacarıqlarının artırılması, eləcə də məktəbi bitirib peşə təhsilinə yönəldilməsində fonda ayrılan vəsaitdən istifadə etməkdir”.

İş axtaranlar ayrılan maliyyədən necə yararlana bilər?

R.Atakişiyev qeyd edib ki, bütün xidmət sahələrində olduğu kimi bu sahədə də elektronlaşmanın qurulması sui-istifadə hallarının qarşısını alacaq: “ Bununla yanaşı fonddan ayrılan vəsait yalnız iş axtaran, iş tapmaqda maraqlı olan insanlara yönəldiləcək. İşsizlər iki cür olur, passiv və aktiv. Passiv işçilər iş axtarmaqda, işləməkdə meylli olmurlar və bu, onlar üçün sadəcə bəhanədir. Fond iş axtaranlara müxtəlif təlim və kurslar vasitəsilə bacarıqlarının artırılması imkanları yaradır ki, bundan sonra həmin şəxslər öz əməyindən təklif kimi çıxış edə bilsin. Yox əgər iş axtaran öyrənmək, bacarığa yiyələnmək istəmir, sadəcə yüksək maaş almaq istəyirsə, o zaman Fonddan ayrılan vəsait həmin şəxslərə şamil edilmir”.

İşsizlik sığortasının həcmi?

İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, ölkəmizdə işsizlikdən sığorta fondu 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb: "Əvvəlki dövrlərdə işsizliyə görə müavinət var idi və işsizlikdən sığorta fondu onu əvəzləşdirib. Burada qaydalar mövcuddur. Vətəndaş işsiz qaldığı halda maksimum 6 ay ərzində müəyyən nisbətdə, yəni ilkin dövrdə əmək haqqının 50 faizi həcmində, sonra əmək haqqının 40 faizi həcmində, daha sonra isə əmək haqqının 30 faizi həcmində işsizlik sığortası təqdim edilir. Burada sığorta məbləği ilə vətəndaşın işdən çıxdığı vaxt aldığı əmək haqqı arasında əlaqə var. Yəni vətəndaş işlədiyi yerdə son 1 ildə yüksək əmək haqqı alıbsa, bu zaman onun aldığı işsizlik sığortası da yüksək olur. Amma şəxs aşağı əmək haqqı ilə çalışıbsa, onun aldığı işsizlik sığortası da aşağı olur”.

Əsas şərtlər

R.Həsənov söyləyib ki, işsizlik sığortası almaq üçün əsas şərtlərdən biri şəxsin işsiz olaraq məşğulluq orqanlarında qeydiyyatdan keçməsidir: "Şəxs qeydiyyatdan keçdikdən sonra son 12 aylıq və bəzi hallarda 3 ilik sığorta stajı ilə bağlı məlumatları məşğulluq orqanına təqdim edir və bu zaman proses başlayır və sığorta ödənişi təyin edilir. Eyni zamanda, həmin şəxslərə bir sıra işlər, peşə qabiliyyətinin artırılması üçün təlimlərin keçirilməsi və yaxud da özünüməşğulluq tədbirlərinə cəlb olunması təklif edilir".

Fondun digər funskiyaları

Ekspert bildirib ki, dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da işsizlikdən sığorta fondunun funksiyası sadəcə işsiz qalanlara sığorta ödənişini həyata keçirmək deyil: "Burada peşə hazırlığı və əlavə təhsilin təşkili, özünüməşğulluq tədbirlərinin təşkili, əmək yarmarkalarının, əmək birjalarının təşkili və s. nəzərdə tutulur. Azərbaycanda özünüməşğulluq tədbirlərinin miqyası genişlənir və 2020-ci ildə 63 milyon manatdan çox vəsaitin bu məqsədə sərf olunacağı gözlənilir və bu da işsizlikdən sığorta fondunun büdcəsinin əhəmiyyətli hissəsini təşkil edir. Özünüməşğulluq tədbirlərində məqsəd uzun müddətli dövrdə daha dayanıqlı əsaslarla vətəndaş üçün məşğulluq imkanının yaradılmasıdır. Bu məqsədlə ayrılan vəsaitlər sürətlə artır. Özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir”.

Beynəlxalq təcrübə nə deyir?

Sosioloq Əhməd Qəşəmoğlu vurğulayıb ki, İşsizlikdən Sığorta Fondunun yaradılması və dövlət büdcəsindən ayrılan vəsait ölkəmizdə həyata keçirilən sosial paketlərin davamıdır: “Belə bir Fondun olması ümumiyyətlə, sosialyönümlü cəmiyyətlər üçün xarakterikdir. Dünyanın başqa ölkələrində də bu məsələyə ciddi fikir verilir. Azərbaycanda sosial rifah halı aşağı olan insanlara yardımlarla bağlı kifayət qədər çoxlu maliyyə xərclənir”.

İşsizlərə sığorta ödənişlərinin edilməsi ilə bağlı bir sıra ölkələrin təcrübələrini bölüşən sosioloq söyləyib ki, Avropa ölkələrində verilən müavinətlər işsizliyin səbəbləri əsasında müəyyən edilir: “Elə ölkələr var ki, onlarda 7 ay, elələri də var ki 1 il müddətində işsizlərə sığorta ödənişləri həyata keçirilir. Lakin bu müddət ərzində həm işsiz, həm də dövlət işsizin işlə təmin olunması üzərində çalışırlar. İşsizliyə görə müavihnət alan anlamalıdır ki, bu uzun müddət davam edə bilməz. İnsan iş axtarmaqda daim əmək haqqı almaqda maraqlı olmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə