“Azərbaycanla Ukrayna arasındakı qarşılıqlı münasibətlərin perspektivi böyükdür” - Bəhruz Quliyev

“Azərbaycanla Ukrayna arasındakı qarşılıqlı münasibətlərin perspektivi böyükdür” - Bəhruz Quliyev

“Azərbaycan-Ukrayna əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli əməkdaşlıq faktoru xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun şəkildə dinamik inkişaf edir”. Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Ukraynanın dövlət başçısı Vladimir Zelenskinin Azərbaycan Respublikasına etdiyi rəsmi səfərini, Prezident İlham Əliyevlə görüşünü, ölkələrimiz arasında imzalanan sənədləri, qəbul edilən qərarları şərh edərkən deyib.

Siyasi ekspert xatırladıb ki, Azərbaycanla Ukrayna bütün beynəlxalq tədbirlərdə və iqtisadi məsələlərdə bir-birinə dəstək göstərən ölkələrdir və eyni zamanda, həmin dəstək BMT, AŞPA və s. kimi digər təşkilatlarda da özünü göstərib.

B.Quliyev bildirib ki, ümumiyyətlə, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir: "Azərbaycan-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub və bu missiya Prezident İlham Əliyev cənabları tərəfindən davam etdirilir”.

“Ukrayna xarici siyasət sahəsində Avropa ölkələri, ABŞ və NATO ilə əməkdaşlığın dərinləşdirilməsinə ciddi fikir verir”, - deyə xatırladan baş redaktor dost ölkənin xarici siyasətində Azərbaycanın özünəməxsus yer tutduğunu da bildirib: “Tarixən bu iki dövlət arasında əlaqələr mövcud olub və həmin mövcudluq bu gün də əsaslı şəkildə qorunub-saxlanılmaqdadır. Məsələn, bir amili də xatırlatmaq istərdim ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri də məhz dost Ukrayna olub”.

B.Quliyev qeyd edib ki, qarşılıqlı münasibətlərin səciyyəvi cəhəti ilk növbədə dostluq, sonra isə qarşılıqlı faydalı iqtisadi-ticarət, hərbi-strateji və siyasi əməkdaşlıqdan ibarətdir: “Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın xarici ticarət dövriyyəsində 6-cı yeri tutur. İki ölkə arasında ticarət mübadiləsində sabit artım müşahidə olunur. 2018-ci ildə onun həcmi 853 milyon dollar olub ki, bu rəqəm artmaqda davam edir. Hazırkı dövrümüzə qədər Azərbaycan Ukraynaya 362 milyon dollar sərmayə qoyub ki, onun 286 milyon dolları neft, 76 milyon dolları isə qeyri-neft sektoruna aiddir. O cümlədən, Ukrayna Azərbaycanın qeyri-neft sektoruna 25 milyon dollar investisiya qoyub ki, bu da ölkələrimiz arasındakı iqtisadi və ticari dövriyyənin yüksək inkişaf xəttində olmasını sübut edir. Eyni zamanda, Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və s. sahələrdə 150-ə yaxın Ukrayna kapitallı şirkətlər fəaliyyət göstərir. Bu baxımdan, Azərbaycanın ticarət tərəfdaşları arasında isə Ukrayna həm ixracat, həm də idxalat üzrə ölkələrin ilk onluğundadır”.

Siyasi ekspert bildirib ki, Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib: “Azərbaycanın Avropa Birliyində bu təşkilata daxil olması haqqında müzakirələr gedəndə, Ukraynanın nümayəndə heyəti Azərbaycanın tərəfini saxlamışdı. Ukrayna nümayəndə heyətinin səlahiyyətlərinin AŞPA-da dayandırılması məsələsinin müzakirəsində isə Azərbaycan bu qətnaməyə qarşı çıxmışdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ukrayna həmişə Azərbaycanın mövqeyini müdafiə edib və bu siyasət dəyişilməz olaraq qalır. Həmçinin, qlobal və regional problemlərin əksəriyyəti barədə rəsmi Kiyevin və Bakının yanaşmalarının üst-üstə düşdüyünü unutmamalıyıq. Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət göstərir və uğurlu əməkdaşlıq edirlər. TRASEKA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də qarşılıqlı əlaqələr müsbət məcrada inkişaf etdirilir. Ümumiyyətlə, Azərbaycan-Ukrayna əməkdaşlığının güclənməsi heç bir üçüncü dövlətə qarşı çevrilməyib və yalnız qarşılıqlı maraqlara xidmət edir”.

“Əbəs deyil ki, Ukraynanın dövlət başçısı Vladimir Zelenski ölkəmizə səfəri çərçivəsində cənab İlham Əliyevlə keçirdiyi görüşündə Azərbaycanla Ukrayna arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayb və qeyd edib ki, Azərbaycan regionda lider dövlətə çevrilib”, deyən siyasi ekspert dövlət başçımızın da bu məsələdə önəmli faktorları xatırlatdığını qeyd edib “O cümlədən, cənab İlham Əliyevin də ölkələrimiz arasındakı çoxşaxəli inkişaf strategiyasının uğurlu, davamlı nəticələr verdiyini vurğulaması artıq bu reallığın sarsılmaz təməllərə söykəndiyini ehtiva etməkdədir. Əminliklə deyə bilərik ki, qarşılıqlı maraqlara əsaslanan bu tərəfdaşlıq, dostluq münasibətləri eyni zamanda Cənubi Qafqaz regionunda və Şərqi Avropada sülh və sabitliyin daha da möhkəmlənməsinə kömək edir. Bunun üçün isə Azərbaycanla Ukrayna arasındakı qarşılıqlı münasibətlərin perspektivi göründüyü kimi böyükdür”.

Bütün xəbərlər Facebook səhifəmizdə