"Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" KONFRANS YENİLƏNİB
Bu gün Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Prezident Administrasiyası Qeyrı-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ictimai-siyasi xadimlər, millət vəkilləri, ekspertlər, media kapitanları və digərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Azərbaycandakı inkişafın yeni mərhələsində təhsil sistemində köklü islahatların aparılması strateji məsələ kimi dövlət siyasətinin daim diqqət mərkəzində qərarlaşıb.
Mərkəz tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edildiyini deyən qurum səlahiyyətlisi vurğulayıb ki, bu ilin fevral ayından etibarən həm kağız daşıyıcıları, həm də onlayn sınaq imtahanlarının, mart ayından etibarən isə buraxılış və qəbul imtahanlarının keçirilməsi, yəni yeni təhsil modelinin tətbiqi cəmiyyətə böyük müzakirələr doğurub.
Daha sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova söyləyib ki, qlobal informasiya mühitində insan kapitalı iqtisadi tərəqqi və inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.
Onun sözlərinə görə, bu gün insan kapitalına investisiya dövlətin ən gəlirli investiyalarından biri hesab edilir: “Uzunmüddətli perspektivdə insan kapitalı sosial kapitala çevrilir. Bu isə öz növbəsində iqtisadi inkişafa gətirib çıxarır".
S.Yusifova söyləyib ki, bu gün gələcəyin bilik cəmiyyətinə xas olan təhsil sisteminin əlamətləri özünü göstərir: "Müasir texnologiyaların tətbiqi, yeni hədəflər, təhsil müəssisələrində çevik təhsil mühitinin formalaşdırılmasını, təhsilin adi xidmətə çevrilməsini, təhsilin fərdləşməsini, biliklərin qiymətləndirilməsini və süni intelektdən istifadəni şərtləndirir. İstənilən vaxt, istənilən yerdə ucuz və keyfiyyətli kütləvi təhsili əlçatan edən onlayn və distant təhsil ən vacib kəşflərdən biri hesab olunur. Passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır və bu tipik təhsil modelinə çevriləcək. Qarışıq və mobil təhsil gələcəyin ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliyini və uğurunu müəyyənləşdirən əsas faktorlardan biri olacaq. Böyük həcmdə informasiyanın əlçatan olması, informasiya ilə işləmək və onu seçmək vərdişi tənqidi düşüncənin inkişaf etdirilməsini tələb edəcək".
Tədbirin davamında Sosial Tədqiqatlar Mərkəzinin Daxili Siyasətinin təhlili departamentinin müdiri Tahirə Allahyarova Mərkəz tərəfindən hazırlanan ictimai rəy sorğusu əsasında hazırlanan analitik hesabatın qısa icmalını təqdim edib. Hesabatda bildirilir ki, 539 respondent və 12 ekspert arasında keçidiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götrülməklə 10 şəhər və rayonu əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib. Məlum olub ki, sorğuda iştirak edən abituriyentlərin 86%-i repetitor yanında, 8 %-i məktəbdə, 6%-i isə özünün hazırlaşdığını bildirib. Fikri soruşulan abituriyentlərin 60 %-i qəbul imtahanlarının, 30%-i isə buraxılış imtahanlarının çətin olduğunu ifadə edib. Onların 54%-i açıqtipli suallarla bağlı çatışmazlıqlara diqqət çəkiblər.
Çıxış edən təhsil naziri Ceyhun Bayramov vurğulayıb ki, bu gün əmək bazarında tələb olunan bir sıra bacarıqlara diqqət yetirdikdə tənqidi təfəkkür, qeyri standart yanaşma, komanda da işləmək, riyazi təfəkkür, kreativlik və bir sıra bu kimi kompetensialara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur: "Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var. Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib. Yeni imtahan modelinə əsasən buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli bir dəyişiklikdir. Çünki 11 il ərzində keçirilən tədbirin ölçülməsi təhsilin növbəti pilləsinə daxil olmaq üçün nəzərə alınması olduqca vacibdir. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya əsasən görürük ki, respondentlərin 60 faizi məhz yeni imtahan modelində orta məktəblə ali məktəb arasında əlaqənin qurulmasını çox müsbət qəbul edib”.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə qeyd edib ki, 20 ildən çoxdur hər keçirilən imtahanlardan sonra geniş elmi-statistik təhlillər aparırıq: “Bu statistik təhlillər indi də aparılır, ancaq builki imtahanların statistik təhlillərlə bağlı hər hansı fikir söyləyə bilmərəm. Sosial Tədqiqatlar Mərkəzinin sorğularının nəticələri də yalnız imtahan prosedurları ilə bağlıdır. Bizdə də belə növ tədqiqatlar aparılır. STM-in səsləndirdiyi fikirlər bizim üçün çox vacibdir. Bütün bu nəticələri gələcəkdə öz işlərimizdə mütləq nəzərə alacağıq. Sosial xarakterli araşdırmalar ilk dəfə olsa da bunu davam etdirmək lazımdır”..
Konfrans sessiyalarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB