Bakıda Beynəlxalq Miqrant Günü qeyd edilib

Bakıda Beynəlxalq Miqrant Günü qeyd edilib

Dekabrın 18-də Muzey Mərkəzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, universitetlərin, QHT-lərin, həmçinin BMT agentliklərinin nümayəndələri iştirak ediblər.

Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev tədbirdə çıxış edərək bildirib ki, tarixboyu inkişaf edən miqrasiya prosesləri bu gün dünyanın müxtəlif regionlarında baş verən siyasi və hərbi münaqişələr nəticəsində rekord həddə çatıb. Qlobal səviyyədə aparılmış hesablamalara əsasən, 2019-cu ildə dünyada beynəlxalq miqrantların sayı 272 milyona yaxınlaşıb. Onların üçdəikisini əməkçi miqrantlar təşkil edirlər. Bu rəqəmin ilbəil artmasına, eləcə də əvvəllər verilmiş proqnozlardan daha yüksək olmasına baxmayaraq, miqrantlar dünya əhalisinin yalnız 3,5 faizini təşkil edir.

Xidmət rəisinin müavini deyib ki, bu gün bütün dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə miqrasiya axınlarını nəzarətdə saxlamaq və respublikamızda miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, respublikanın siyasi sabitliyi, eləcə də miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər nəticəsində Azərbaycan Respublikası əmək miqrasiyası baxımından təyinat ölkədən mənşə ölkəsinə çevrilib. Respublikamıza əmək fəaliyyəti ilə məşğul olmaq üçün gələn miqrantların hüquqlarının müdafiəsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə miqrasiya, o cümlədən əmək miqrasiyası sahəsində qanunvericilikdə və siyasətdə bir sıra nəzərə çarpacaq islahatlar aparılıb. Həyata keçirilən islahatların əsas məqsədi miqrantların hüquqlarının tam təmin edilməsi və miqrasiyanın tənzimlənməsi zamanı meydana çıxa biləcək mümkün mənfi təsirlərin qarşısının alınmasıdır.

P.Musayev miqrantların, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərinin həllində dünya ölkələrinin həmrəylik nümayiş etdirmələrinin və bu istiqamətdə birgə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və digərləri çıxış edərək cəmiyyətin diqqətinin miqrantların problemlərinə yönəldilməsi və məlumatlandırılması baxımından Beynəlxalq Miqrant Gününün əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində ölkədə və xaricdə yaşayan miqrantlara dair videoçarxlar və fotoşəkillərdən ibarət stend nümayiş olunub.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə