Ombudsman: “Bütün xalqların sülhə, inkişafa can atdığı hazırki dövrdə Ermənistan dövləti bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür”

Ombudsman: “Bütün xalqların sülhə, inkişafa can atdığı hazırki dövrdə Ermənistan dövləti bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxıda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, "Şamaxı soyqırımı – 1918-ci il" mövzusunda keçirilmiş tədbirə Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvü, Milli Məclisin deputatları, dövlət orqanları, QHT-lər və KİV-in nümayəndələri, xarici ölkələri və respublikamızı təmsil edən tarixçi alimlər qatılıblar.

Azərbaycan Respublikasnın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova beynəlxalq konfransda iştirak edib. O, çıxışında erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərlə üzləşmişdiyini bildirib. Mərhələ-mərhələ aparılan bu qeyri-insani siyasət nəticəsində soydaşlarımızın min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldığı, bu mənfur siyasətin məqsədinin azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılıb, Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən on minlərlə erməni ailəsi köçürülüb. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilmiş soydaşlarımızın insan hüquqları kütləvi surətdə pozulub, onlar qeyri-insani rəftara, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qalıblar. Müvəkkil bildirib ki, 1918-1920-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğınla bağlı tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.

Qan yaddaşına şovinizm hakim olan ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində erməni-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı hadisələridir. Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi xarabalığa çevrilib, görünməmiş qırğınlar törədilib. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülüb. Ermənilər müxtəlif bölgələrdə, o cümlədən Şamaxıda da müsəlman əhalisini işgəncələrlə öldürüb, körpə uşaqları süngüyə keçirib, cəsədlərin burun, qulaq və başlarını kəsib, evlərə od vurub yandırıblar. Şamaxıdakı qətliam təpədən-dırnağadək silahlanmış ermənilərin törətdikləri həmin soyqırımı siyasətinin tərkib hissəsi olan Şamaxı qəzasının 58 kəndində erməni terror dəstələri minlərlə azərbaycanlını amansızlıqla qətlə yetiriblər. E.Süleymanova qeyd edib ki, BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasına görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir, bu sənəddə göstərilən əməllərdən hər biri ermənilər tərəfindən 1918-ci ildə azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, etnik təmizləmə siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə də üzə çıxıb, həm də onu göstərib ki, ermənilərin xalqımıza olan tarixi münasibəti heç də dəyişməyib. Bütün tərəqqipərvər bəşəriyyətin, xalqların sülhə, əmin-amanlığa, inkişafa can atdığı hazırki dövrdə Ermənistan dövləti, təəssüf ki, bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür, bununla da bütövlükdə Cənubi Qafqazda, Avropa məkanında sülhyaratma və sabitlik proseslərinə mənfi təsir göstərir. Bunun bir səbəbi də bu kütləvi qanun və hüquq pozuntularına yol verənlərin hərəkətlərinə hələ də beynəlxalq qurumlar tərəfindən qiymət verilməməsi, cəzasız qalmasıdır. Müvəkkil 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq, nüfuzlu beynəlxalq qurumlara və xarici ombudsmanlara ünvanlanmış bəyanat verdiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları da ətraflı çıxışlar ediblər. Konfransda tədqiqatçı alim, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının hazırladığı, Azərbaycan və ingilis dillərində çap edilmiş "Şamaxı soyqırımı - 1918-ci il" adlı kitabın təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə