"Xalq üçün" devizi ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

"Xalq üçün" devizi ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

SABUNÇU

23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı rayon təşkilatının qərargahında YAP-ın ilk dəfə səs verəcək namizədləri ilə seçicilərin görüşü keçirilib.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva görüşdə çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün müsbət şərait yarandığını deyib: "YAP-ın bələdiyyələrdə təmsil olunan üzvləri onlara göstərilən etimadı yüksək qiymətləndirərək, xalqla daha yaxın olmaqla, sakinlərin istəklərini nəzərə alaraq, götürdükləri öhdəliklərin öhdəsindən layiqincə gəlirlər. Ötən 5 il müddətində bələdiyyələrimizin nəzərəçarpacaq dərəcədə gördükləri işlər deyilənləri sübutudur. Məhz buna görə də, 23 dekabrda YAP tərəfindən irəli sürülmüş namizədlər seçicilər tərəfindən yekdil dəstək alacaqlarına əminik və hamılıqla onlara səs verməyə çağırıram".

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında, Azərbaycanda ötən dövr ərzində, bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də gənclərin rolunun əvəzsiz olduğunu qeyd edib. S.Orucov qarşıdan gələn bələdiyyə seçkilərində gənc namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib və bütün namizədlərə uğurlar arzulayıb.

Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov və başqaları çıxış edərək, bələdiyyə seçkisi günü hər kəsi fəal iştirak etməyə və səsvermə hüququndan yararlanmağa çağırıblar.

XAÇMAZ

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayon təşkilatı tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş qadın namizədlərlə keçirilən görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev bələdiyyə seçkilərinə hazırlıqdan bəhs edərək, YAP-ın qələbələr partiyası olduğunu vurğulayıb: "Bu, real və danılmaz faktdır ki, qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər yüksək səviyyədə qalibliyi əldə edəcəklər".

Bələdiyyələrin formalaşmasında, onun inkişafında Yeni Azərbaycan Partiyasının rolunun böyük olduğunu vurğulayan Ş.Xanbabayev Azərbaycanda bələdiyyə sisteminin inkişafı prosesindən danışaraq söyləyib ki, bələdiyyələrin əsas vəzifəsi xalqın rifahının təmin olunmasında əsaslı rol oynamaqdır: "Xüsusilə də, qadınlarımızın rayonun ayrı-ayrı yaşayış məntəqələrində geniş təbliğat işlərinin aparılmasında fəal iştirak etmələri, ümumiyyətlə, rayonun iqtisadi, sosial-ictimai həyatında hər zaman fəallıq nümayiş etdirmələri, bir daha onu təsdiq edir ki, qadınlarımız qarşıdan gələn bələdiyyə seçkilərində parlaq qələbə qazanacaqlar".

Görüşdə seçicilərdən Sevinc Sədullayeva, Hicran Şabanova, Gülşən Əhmədova, Lalə Hüseynova və başqaları YAP üzvü olan qadınların rayonun ictimai-siyasi həyatındakı rolundan danışıblar. Qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş qadınların qələbə qazanacağına əminlik ifadə olunub.

TƏRTƏR

YAP Mərkəzi Seçki Qərargahının Tərtər rayon şöbəsi tərəfindən bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən namizədlikləri irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlər və seçicilərlə rayonun Sarov və Borsunlu bələdiyyələrində görüş keçirilib.

Görüşdə YAP Tərtər rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvlərindən Aytən Əliyeva, Rüfət İsmayılov, bələdiyyə üzvlüyünə namizədlərdən Yusif Paşayev, Səbuhi Axundov, kənd sakinlərindən Sahib Cuğuyev, Svetlana Hüseynova, Hidayət Paşayev və Vaqif Qədimov çıxış edərək, seçiciləri qarşıdakı növbəti bələdiyyə seçkilərində ölkəmizin hakim partiyası olan YAP-ın namizədlərinə səs verməyə çağırışlar ediblər.

MASALLI

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası seçki qərargahının Masallı rayon şöbəsi rayonun Boradigah qəsəbəsinin seçiciləri ilə keçirilən görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb. S.Əliyev həyata keçirilən irimiqyaslı layihələrin, məhz Yeni Azəbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu inqilabi islahatlardan danışıb. O, "Xalq üçün" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan YAP tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək, seçiciləri Yeni Azərbaycan Partiyasının Seçki Proqramı ilə tanış edib, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə səsvermə günü seçki məntəqələrinə gəlməyə və seçkilərdə fəal iştirak etməyə dəvət edib.

Görüşdə çıxış edən Nurməmməd Ağayev, Natavan Əliyeva, Bəhruz Əmirov və başqaları çıxış edərək, qeyd ediblər ki, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması, bütövlükdə, inkişafa xidmət edən əməli tədbirlərin görülməsi, məhz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Məhz buna görə də, Masallı seçicilərinin seçkilərdə iştirak edərək, YAP-ın namizədlərinə səs verəcəklərinə inamını bildiriblər.

QARADAĞ

Qaradağ rayonunun Səngəçal qəsəbəsində Yeni Azərbaycan Partiyası tərəfindən bədiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş nümayəndələrlə seçicilərlərin görüşündə YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxış edərək qeyd edib ki, demokratik şəraitdə yaşadığımız indiki bir vaxtda xalq öz taleyini həll etmək üçün seçkilərdə yekdilliklə iştirak etməli və istədiyi namizədə səs verməlidir: "Bu mənada, YAP iqtidar partiyası olduğundan, üzərinə ikiqat məsuliyyət hissi düşür. Birincisi, seçkilərin ədalətli, səffaf və demokratik keçirilməsinə şərait yaratmaq. İkincisi isə seçicilərin mütləq səsini qazanmaqla, onların arzu və istəklərini həyata keçirməkdir. Ötən dövrlər ərzində keçirilən seçkilər, bir daha sübut etdi ki, partiyamız xalqın etimadını həmişə əməli işi ilə doğruldub".

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər qəsəbədə nəzərdə tutular işlər barədə fikir və təkliflərini bildirdilər.

XƏZƏR

YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatları Rauf Əliyev, Cavid Osmanov, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, ilk dəfə səs verən Milli Aviasiya Akademiyasının tələbəsi Aytən Cəlilova, Abşeron Peşə Litseyinin tələbəsi Pərvin Mərdiyev çıxış edərək cəmiyyətin, millətin, dövlətin mövcudluğu, inkişafı və yaşamının gənclikdən asılı olmasını qeyd ediblər.

Vurğulayıblar ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsi, Azərbaycanda gənclərin dövlətin gələcək həyatında müstəsna rola malik olması və aparıcı qüvvəyə çevrilməsi istiqamətində məqsədyönlü siyasətin yürüdülməsi vurğulanıb.

QƏBƏLƏ

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq, YAP Qəbələ rayon təşkilatında gənclərlə keçirilən görüşdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov iştirak edib. Görüşü YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq, rayon təşkilatının gördüyü işlər barədə məlumat verib və bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, gənclərin idarəetmə orqanlarında və seçki prosesindəki iştirakının artdığını qeyd etdi. O, əlavə olaraq bildirdi ki, Qəbələ rayon ərazisində 29 bələdiyyə fəaliyyət göstərir. Bu bələdiyyələrin, ümumilikdə, 275 üzvü vardır. Yeni Azərbaycan Partiyası Qəbələ rayonunda olan 275 bələdiyyə üzvü yerinin hər birinə öz namizədlərini irəli sürmüşdür. Namizədlərin 101 nəfərini gənclər təşkil edir.

Görüşdə millət vəkili F.Heydərov çıxış edərək, artıq ölkəmizdə bələdiyyə institutunun formalaşdığını və bu sahədə görülən işlərdə gənclərin böyük rolunun olduğunu qeyd edib.

Gənc bələdiyyə namizədlərindən Ümid Məsimov, Günel Ağayeva, Əfqan Məlikov, Rəvan Qəribli, Şəfəq Tahirova, Əli Abdullazadə və Şəbnəm İsgəndərli, Lalə Şamxallı çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışaraq, bu gün gənclərə böyük etimad göstərildiyi vurğulanıb. Çıxışlarda rayon gənclərini bələdiyyə seçkisində fəal olmağa, seçki günü seçki məntəqələrinə gəlib, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırılıb.

SALYAN

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatında YAP tərəfindən irəli sürülmüş gənc namizədlərlə görüşdə rayon təşkilatının gənclər birliyinin sədri Fazil Məhərrəmov, partiya fəallarından Gülər Quliyeva, Əli Məmmədov, Turanxanım Mehdiyeva, Emin Əliyev, Günel Yaqubova və Şəbnəm Kərimli cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıblar.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaranıb. Gənclər "Xalq üçün" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandıqlarını, seçiciləri fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

ŞƏMKİR

Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Şəmkir rayon təşkilatının növbəti görüşləri rayonun Aşağı Seyfəli, Yuxarı Seyfəli, Abbaslı, Mehirli, Könüllü, Yeni-Həyat, Qədimqala, Qaracəmirli, Qapanlı və digər kəndlərində olan seçicilərlə olub. Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində, müstəqil Azərbaycan dövlətinin inkişafına mühüm töhfələr vermişdir və hazırda bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir: "23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlər, əsasən, gənclər irəli sürülmüşdür. Azərbaycan gənci bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur, dövlətimiz və partiyamız bacarıqlı, istedadlı gənclərin uğurla irəli getmələri üçün geniş meydan açıb, zəruri tədbirlər həyata keçirir".

Bələdiyyə üzvlüyünə namizədlər Seymur Qurbanov və Bəhruz Abbasov çıxış edərək platformaları barədə seçicilərə ətraflı məlumat verərək, müstəqil Azərbaycana, dövlətimizə və xalqımıza ləyaqətlə xidmət etmək üçün hazır olduqlarını, bələdiyyə üzvü seçiləcəkləri təqdirdə, onlara göstərilən etimadı doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Tədbir iştirakçıları seçkidə YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi fəal olmağa və "Xalq üçün" səs verməyə çağırıblar.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə