Dekabrın 16-da Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkeni Lənkəran şəhərində tanışlıq səfərində olub. SİA-nın məlumatına görə, səfir Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul olunub. Qəbul zamanı səfirə Lənkəranın tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə geniş məlumat verilib, məlumatda rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, həyata keçirilən infrastruktur layihələr, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrinin, kənd təsərrüfatının, xüsusilə çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin inkişafı ilə bağlı görülən tədbirlər diqqətinə çatdırılıb.
Səmimi qəbula görə İcra başçısına təşəkkürünü bildirən səfir Macarıstan-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından razılığını bildirərək, bu əlaqələrin daha da möhkəmlənməsindən ötrü əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycanın müxtəlif istiqamətli nəqliyyat dəhlizləri üzərində yerləşməsi bu ölkə ilə əlaqələrin qurulmasına böyük imkanlar yaradır. Macarıstanın Azərbaycanla qarşılıqlı anlaşmaya əsaslanan dostluq və qardaşlıq əlaqələri olduğunu söyləyən səfir gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Görüşdə həmçinin yaxın gələcəkdə Lənkəranın Macarıstanın bir şəhəri ilə qardaşlıq əlaqələrinin qurulması barədə fikir mübadiləsi də aparılıb. Həmin gün səfir Heydər Əliyev Xatirə parkına, Xan evində yerləşən tarix-diyarşünaslıq müzeyinə baş çəkib, Lənkəran Dövlət Universitetində rektorla və bir qrup tələbə ilə görüşüb, “Green East” təsərrüfatının çəltik zavodunda emal prosesinə baxıb, “Yaşıl çay” fermer təsərrüfatının plantasiyaları, Çay müzeyi və Hallobonq sitrus bağı ilə tanış olub.
"Yaşıl çay" FT-nin qonaqları - Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi və diplomatik korpus nümayəndələri olub. İlk öncə səfir Viktor Szederkenyi "Yaşıl çay" FT-nin çay plantasiyaları ilə tanış olub. Belə ki, "Yaşıl çay" FT-nin rəhbəri Araz Yağubov çayın becərilməsi texnologiyası haqqında qonaqları məlumatlandırıb.
Daha sonra qonaqlar, "Yaşıl çay" FT-nin nəzdində fəaliyyət göstərən "Çay muzeyi" ilə tanış olublar. Səfər çərçivəsində qonaqlar "Yaşıl çay"-ın eksponatları ilə tanış olub, "Feyxoa çayı", "Süd Çayı", "Premium Gold" çayı", Yarpızlı çay"ların dadına baxıblar. Çayların dadından olduqca çox məmnun olduğunu bildirən Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi "Yaşıl çay" FT-nin rəhbəri Araz Yağubova qonaqpərvərliyinə görə təşəkkürlərini bildirib və Macarıstan Səfirliyi adından Xatirə hədiyyəsini ona təqdim edib.
"Yaşıl çay" FT-nin rəhbəri Araz Yağubov da öz adından qonaqlara müxtəlif növdə çay hədiyyələrini təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB