"Yaşıl Çay" FT-nin növbəti qonaqları - səfirlər, jurnalistlər və... - TƏDBİR - FOTOLAR

15 Dekabr Beynəlxalq Çay Günü münasibətlə Azərbaycandakı bir sıra xarici səfirliklərin nümayəndələri, həmçinin Aqrar Ticarət və Təchizat Şirkətinin "Kənddən Şəhərə" və "Şəhərdən Kəndə" layihəsinin rəhbəri Leyla Məmmədova Yaşılçay FT-nin qonağları olub, təsərrüfatın çay plantasiyaları ilə və barama kümxanası ilə yaxından tanış olublar. SİA-nın verdiyi məlumata görə, tanışlıq zamanı "Yaşıl Çay" FT-nin rəhbəri Araz Yağubov burada açılacaq olan "Şəhərdən Kəndə" Ekoturizm layihəsi haqqında qonaqları məlumatlandırıb.

Aqroturun əsas məqsədi ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan "Şəhərdən Kəndə" barədə xarici və yerli qonaqlara ətraflı məlumat vermək, onları yerli fermer təsərrüfatlarından biri ilə tanış etmək, eyni zamanda Lənkəran və Azərbaycanın digər regionlarında aqroekoturizmin inkişafına dəstək göstərmək olub. Tədbiri çıxış nitqi ilə açıq elan edən "Sitrus vadisi" təsərrüfatının sahibi fermer Rəftarə Şükürova qonaqları salamlayıb: "Çox böyük sevinclə hamınıza xoş gəlmisiniz deyirəm. Bildirmək istəyirəm ki, təsərrüfat sahəm 15 hektar ərazini əhatə edir. Burada müxtəlif sitrus meyvələrinin yetişdirilməsi ilə məşğulam. Bir ildir ki, mən "Aqrar Tədarük və Təchizat" ASC ilə əməkdaşlıq edirəm. Bizim əməkdaşlığımız "Kənddən Şəhərə" layihəsi ilə başlayıb. İndi isə "Şəhərdən Kəndə" layihəsi çərçivəsində əməkdaşlıq edirik. İki aylıq əməkdaşlığımız çərçivəsində artıq 150-ə yaxın turisti qəbul etmişik. Gələcəkdə bu sayı daha da artırmaq istəyirik".

Aqrotur çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev Lənkəran rayonunda aqrar sahədəki inkişafdan bəhs edib: "Lənkəran çay, çəltik və sitrus təsərrüfatları ilə hər zaman məşhur olub. Bu tədbirin baş tutduğu İstisu qəsəbəsi rayonda ilk çay fabrikinin tikildiyi qəsəbədir. Ölkə Prezidentinin apardığı islahatlar nəticəsində biz Lənkəranda təsərrüfat sahələrini inkişaf etdirməyə davam edirik. Hal-hazırda Lənkəranda min hektardan artıq çəltik, 500 hektardan artıq isə çay becərilir".

Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov isə çıxışında ölkədə aqrar sahədə islahatların aparıldığını bildirdi: "Bu gün Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dövlət tərəfindən dəstək göstərilir. Aqrar sahədəki islahatların aparılmasında məqsəd innovativ texnologiyaların tətbiqi ilə bağçılıq təsərrüfatlarında məhsuldarlığın artmasını təmin etməkdir. Ümid edirik ki, həyata keçirdiyimiz layihələr sayəsinde aqrar turizmin inkişafı təmin olunacaq. Çalışacağıq ki, bir ildən sonra ölkəmizdə aqroturizmin daha böyük nəticələrini sizinlə bölüşək".

Tədbirdə çıxış edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Cey Sinqx çıxışında aqroturizmin aqrobiznesin ən maraqlı sahələrindən biri olduğunu bildirdi: "Azərbaycanda kənd təsərrüfatının inkişafına investisiyamız Rəftarə Şükürova kimi fermer və sahibkarların bu sahəyə dəstək göstətməyə hazır olduqları üçün uğurlu oldu. Aqroturizm və qida emalı, qadınlar və gənclər də daxil olmaqla müxtəlif sahibkarlar qrupunu aqrar sektora cəlb edə biləcək aqrobiznesin maraqlı sahələridir. Ümid edirik ki, onlar daha çox turisti ziyarət etməyə, yerli insanları burada qalmağa və Azərbaycanın gözəl bölgələrində yaşayışlarını qurmağa təşviq edə bilərlər. Qeyd edim ki, Aqroturizmi inkişaf etdirmək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan ATT ilə USAID arasında tərəfdaşlığın yeni sahələrindən biridir".

"Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova isə çıxışında aqroturizm üçün ölkəmizdə hər cür şəraitin olduğunu vurğuladı: "Məqsədimiz fermerlərin məhsulların satışından asılılığını azaltmaqdır. Bu mənada aqroturizm ən yaxşı vasitələrdən biridir. Dünyanın çox ölkəsində bu praktika var. Biz də yerli və xarici qurumlarn, eləcə də KİV nümayəndələrinin dəstəyi ilə bu layihəni daha da kütləvi hala gətirmək istəyirik".

Aqrotur iştirakçıları günün ikinci hissəsində isə "Yaşıl çay" MMC-ə məxsus çay plantasiyasına səfər ediblər. Burada qonaqlara çay bitkisinin becərilmə qaydaları və emal prosesi barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, oxşar tur cari ilin 12 oktyabr tarixində "Aqrar Tədarük və Təchizat" ASC, Aqrar Kredit və İnkişaf Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramınının birgə təşkilatçılığı ilə Hacıqabul rayonunda yerləşən nar təsərrüfatına da təşkil olunub.

Qeyd edək ki, "Şəhərdən Kəndə" layihəsi kiçik və orta fermer təsərrüfatlarını dəstəkləmək məqsədi ilə həyata keçirilir. Layihə fermer təsərrüfatı sahiblərinə təkcə məhsuldar dövrdə deyil, eləcə də qeyri-məhsuldar dövrdə əlavə gəlir qazanmaq imkanı verir. Layihə çərçivəsində mütəmadi olaraq hər həftəsonu Azərbaycanın müxtəlif regionlarında yerləşən təsərrüfatlara aqroekoturlar təşkil olunur. İştirakçılara alternativ istirahət imkanı verən turlar həm şəhər sakinləri, həm də xarici ölkə vətəndaşları tərəfindən maraqla qarşılanır. "Şəhərdən Kəndə" aqroturları turistlərin aqrar sahə üzrə bilik və bacarıqlarını artırmalarına, bir və ya bir neçə günlük kənd həyatı yaşamalarına imkan yaradır.

"Aqrar Tədarük və Təchizat" ASC "Şəhərdən Kəndə" layihəsində iştirak etmək istəyən fermerlərlə əməkdaşlığa hər zaman açıqdır. Hal-hazırda qurum yerli fermerlərin müraciətlərini qəbul etməyə davam edir. Layihəyə qoşulmaq istəyən fermerlərə peşəkar mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Mart ayına qədər layihədə iştirak edən fermer təsərrüfatlarında isə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə müəyyən təmir işləri aparılacaq. Layihədə iştirak etmək istəyən fermerlər ATT-nin Regional İdarələrinə yaxınlaşa, +994504008899 nömrəsinə zəng edə və ya qurumun sosial media hesablarına yaza bilərlər.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...