ETSN ağacəkmə aksiyalarını davam etdirir - FOTOLAR

Təbiətşünaslıq və ekologiya sahəsində Azərbaycan elminə və təbiətinə töhfələr verən akademik Həsən Əliyevin Azərbaycanda, o cümlədən Abşeron yarımadasında meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarının salınmasında misilsiz xidmətlərini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dekabrın 14-də Masallı rayonunda - Güllütəpə ərazisinin Tatyanoba kəndində ağacəkmə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və nazirliyin əməkdaşları, Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutun elmi işçiləri, bölgənin tanınmış ictimai xadimləri, RİH aparatının və YAP rayon təşkilatının məsul işçiləri, idarə və təşkilatların əməkdaşları, eləcə də rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, meşəbərpa tədbirləri həyata keçirməklə həm təbiətə töhfə vermiş olduq, həm də ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş təbiəti mühafizə və ekologiya elminin banisi, görkəmli alim, akademik Həsən Əliyevin xatirəsini yad etdik.

Ağacəkmə aksiyasında iştirak edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, bu gün şəxsən özü 10 meyvə ağacı əkib: "Kəndə yaxın meşə ərazisində meyvə ağaclarının əkilməsi təqdirəlayiqdir. Çünki ağac əkdiyimiz ərazi kəndə çox yaxındır. Bir neçə ildən sonra kənd əhalisi əkilən ağacların meyvələrindən faydalanacaq. İnanırıq ki, insanlar bəhrələndikləri meyvə ağaclarını kəsməyəcəklər. Ona görə də meşə fondu sahələrində meyvə ağaclarının əkilməsini, ümumiyyətlə, boş meşə sahələrində aqrobağların salınmasını yüksək qiymətləndiririk. Akademik Həsən Əliyevin Azərbaycanda yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində mühüm xidmətləri olub. Sevindiricidir ki, bu gün onun meyvə ağaclarının əkilməsi və yeni yaşıllıqların salınması ideyaları davam etdirilir".

Aksiyaya qatılan elm xadimləri ağac əkməklə həm ölkəmizin yaşıllaşdırılmasında, həm də akademik Həsən Əliyevin ideyalarının gerçəkləşdirilməsində pay sahibi olduqlarından qürur duyduqlarını bildiriblər.

Ağac əkən yerli sakinlər, ətrafda yaşayan kəndlərin əhalisi də meşə ərazilərinin genişləndirilməsini, xeyirxah bir tədbir kimi qiymətləndirib və əkilən ağacların qorunmasında yaxından iştirak edəcəklərini bildiriblər.

Rayon sakini Ülviyyə Dadaşova ağacəkmə aksiyasına ailəsi ilə birgə qoşulduğunu deyib: "Qonşu kənddən gəlib aksiyaya qoşulmuşuq. Sevinirəm ki, əkilən ağaclar meyvə ağaclarıdır. Bir neçə ildən sonra həm ağacların meyvələrini dərəcəyik, həm həm də əkdiyimiz ağacların kölgəsində dincələcəyik. Onu da qeyd edim ki, kəndimiz hələ də qazlaşdırılmayıb. Buna görə də bizim oduna ehtiyacımız var. Yemək bişirmək, evi isitmək üçün odun tədarükü etmək məcburiyyətindəyik. Əvvəllər meşə sahələrinə gedib odunu özümüz tədarük edirdik. Bu, həm təhlükəli, həm də çətin idi. Hazırda bizim işimiz rahatlaşıb. İndi meşə idarəsi odunu özü tədarük edir və odun yanacağına olan tələbatımız ödənilir. Həm bizim işimiz asanlaşıb, həm də meşələrə müdaxilənin qarşısı alınıb".

Rayon ağsaqqalı Sərhat Məmmədov yerli sakinlərinin aksiyaya həvəslə qoşulduğunu vurğulayıb: "Hər birimiz əkdiyimiz ağacla rayonumuzun meşəsinə töhfə vermiş olduq. Söz veririk ki, meşəni də, əkilən ağacları da gələcək nəsillər naminə qoruyacağıq".

Aksiya zamanı ümumilikdə, Dövlət Meşə Fondunun 20 hektar ərazisində əkin və səpin işləri aparılıb. Belə ki, 10 hektar sahədə 15 min meyvə cinsli ərik və heyva ağacı, 5 hektar sahədə meşə cinsli göyrüş və ağcaqayın ağacı əkilib, 5 hektar torpağa isə 800 kiloqrama yaxın palıd toxumu basdırılıb. Əkilən ağaclar suvarılıb, onların qorunması üçün mühafizə zolaqları çəkilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və qonaqların iştirakı ilə ilk tinglər torpağa basdırılıb.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd ölkədə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş görkəmli alim Həsən Əliyevin xatirəsini yad etmək, onun ətraf mühit sahəsində qoyduğu irsi davam etdirmək, insanlar arasında təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Qeyd edilib ki, görkəmli alim Həsən Əliyev Azərbaycanda insan və təbiət münasibətlərinə yeni baxış sisteminin formalaşdırılmasında, yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində, yeni yaşıllıqların salınmasında mühüm xidmətləri ilə gələcək nəsillərə örnək olub.

Masallı Mədəniyyət Mərkəzinin “Halay” folklor rəqs qrupunun iştirakı ilə davam edən tədbir aksiya iştirakçılarına xoş ovqat bəxş edib.

Ağacəkmə aksiyasından sonra elm xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə Akademik Həsən Əliyevin ölkəmizdə meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarınin salınmasındakı əvəzsiz xidmətlərindən söhbət açılıb, bundan sonra da ölkədə meşə ilə öryülü ərazilərin miqyasının genişləmdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Əlihüseyn Şükürov,

Akif Ağayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...