İordaniya KİV-ləri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən yazır

Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar dekabrın 12-də İordaniyanın “Petra” dövlət informasiya agentliyi və “əd-Dustur” hökumət qəzetində, eləcə də geniş oxucu kütləsinə sahib www.orobanews.com , www.nayrouz.com , www.alqubbahnews.com xəbər portallarında Azərbaycan səfirliyinin mətbuat üçün bəyanatı dərc edilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Ümummilli Liderin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı ilə başlayan bəyanatda Heydər Əliyevin həyatı haqqında ətraflı məlumat verilir. Oxucuların diqqətinə çatdırılır ki, 1923-cü il mayın 10-da Azərbaycanın qədim diyarı olan və Azərbaycan tarixində, elmində, mədəniyyətində dərin izlər qoymuş ədiblərin, mütəfəkkirlərin Vətəni olan Naxçıvanda dünyaya göz açan Heydər Əliyev təhsilini bitirdikdən sonra peşə həyatında ən yüksək zirvələrə çatır, 1969-1982-ci illər ərzində Azərbaycan SSR-ə rəhbərik edir, 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olur.

Bəyanatda, eyni zamanda, Ümummilli Liderin 1982-ci ildə 21 üzvdən ibarət Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildiyi, lakin 1987-ci ilin oktyabrında Siyasi Büronun və şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasətə etiraz edərək tutduğu vəzifələrdən istefa verdiyi, istefadan sonra SSRİ-nin siyasəti nəticəsində qonşu Türkiyə və İrandan təcrid edilən və erməni işğalı təhlükəsinə məruz qalan doğma Naxçıvana üz tutduğu barədə oxuculara məlumat verilir, Ulu Öndərin Naxçıvan və yerli sakinlərin maraqları naminə gördüyü işlərdən bəhs edilir.

Bu arada, paytaxt Bakıda hadisələrin təhlükəli məcrada inkişaf etdiyi, bununla da ölkənin fiziki məhvi təhlükəsi yarandığı fonda paytaxt sakinlərinin imdad üçün Naxçıvanın müdrik rəhbərinə müraciət etdikləri, Ümummilli Liderin xalqın mütləq dəstəyi ilə Azərbaycan Prezidenti seçildiyi bəyanatda öz əksini tapır. 1993-2003-cü illər ərzində müstəqil Azərbaycana rəhbərliyi dönəmində Ermənistanın işğalı altında olan bəzi ərazilərin qaytarılmasına müvəffəq olduğu, işğalçı ölkə ilə atəşkəsə nail olduğu və ölkənin hərtərəfli inkişafının təməlini qoyduğu qeyd edilir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə xarici siyasətə gəlincə, oxucuların nəzərinə çatdırılır ki, həmin illərdə müstəqil Azərbaycan dünya ölkələri, habelə ayrılmaz hissəsi olduğu müsəlman dünyası ilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama prinsipləri üzərində güclü əlaqələr qurmağa müyəssər olur, mötəbər beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilir, xarici ölkələrdə diplomatik missiyalar təsis edilir, Dağlıq Qarabağ və ətraf 7 rayonun qonşu Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edildiyi faktının qlobal səviyyədə tanınmasına müvəffəq olur.

Davamı olaraq ümummilli lider Heydər Əliyevin “Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindır” qənaətindən çıxış edərək Azərbaycanın suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsinə çalışdığı, dünyanın ölkəmizin sürətli iqtisadi inkişafının şahidi olduğu və bu işdə təbii sərvətlərlə yanaşı, bacarıqlı kadrlardan istifadə edildiyi xüsusi qeyd olunur.

Bəyanatın yekununda 12 dekabr 2003-cü il tarixinin Azərbaycanın ən kədərli və sarsıntılı günü olduğu vurğulanaraq, Azərbaycan xalqının bu tarixi heç zaman unutmayacağı vurğulanır. Oxuculara məlumat verilir ki, bu gün Azərbaycan xalqı Ümummilli Liderin bütün sahələrdə, o cümlədən iqtisadi, təhsil, səhiyyə, sosial müdafiə sahələrində əldə etdiyi uğurların bəhrəsini görür. Azərbaycan Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik kursa söykənən düşünülmüş siyasəti sayəsində inamla irəliləyir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı xarici siyasət, sabit demokratik və iqtisadi islahatlar Azərbaycanın dünyadakı imici və nüfuzunun daha da artmasına, habelə ölkənin regional liderə və etibarlı beynəlxalq tərəfdaşa çevrilməsinə gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...