Lənkəranda Ulu Öndər böyük ehtiramla yad edilib

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır. SİA-nın məlumatına görə, hər il Ulu Öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Ümummilli Liderimizin əziz xatirəsi Lənkəranda da böyük ehtiramla yad edilir, bu münasibətlə silsilə tədbirlər keçirilir, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna bir daha nəzər salınır.

Dekabrın 12-də Lənkəranda Ulu Öndər Heydər Əliyevin anım gününün 16-cı ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Liderin adını daşıyan parka gəlib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, minlərlə rayon sakini Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını ifadə ediblər.

Həmin gün şəhərin Heydər Əliyev Mərkəzində isə dahi şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib, kitab, jurnal və rəsmlərdən ibarət sərgiyə baxış olub, mərkəzdə daimi fəaliyyət göstərən Heydər Əliyev müzeyi sakinlər tərəfindən davamlı olaraq ziyarət olunub.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə