Ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınıb

Ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınıb

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin və ölkəmizə turizm axının genişlənməsi ilə əlaqədar ölkəmizə gələn və gedən şəxslərin və nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sərhədindən keçən şəxslərin sayı 13%, nəqliyyat vasitələrinin sayı isə 12% çox olub.

Belə bir şəraitdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçənlərin sərhəd nəzarətinin effektivliyindən məmuniyyətlərinin yüksəldilməsi, şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azaldılması və sürətli keçidinin təmin olunması istiqamətində mühüm işlər görülüb, 1 şəxsin sərhəd keçmə prosedurlarının rəsmiləşdirilməsinə 1 dəqiqədən az vaxtın sərf edilməsinə nail olunub.

Respublikamıza turist axınının artırılması üzrə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabr ayının 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınıb. Həmin şəxs Ankara-Bakı reysi ilə uçub gəlmiş Türkiyə vətəndaşı Seda Ünlü olub. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiyyələr ilə qarşılanan xarici qonağımız bu xoş sürprizdən çox məmnun olmasını söyləyib və öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə