“Heydər Əliyev - Müstəqil Vətənin Memarı”

Astarada mövzusunda elmi-praktiki konfrans keçirilib

Dekabrın 11-də Astara rayonunda Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev - Müstəqil Vətənin Memarı” mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə xalqımızın ümummili lideri, ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi bir dəqiqəqlik sükutla yad edilib, “Heydər Əliyev Müstəqil Vətənin Memarı” adlı film nümayiş etdirilib.

Konfransda çıxış edən rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, bu günlərdə xalqımız böyük azərbaycanlı dahi, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

On altı il əvvəl – 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşub. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Azərbaycanın tarixi və taleyi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib.

Natiq qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik dövrünü əhatə edən tarixinin simvoluna çevrilib. O, böyük siyasət üçün yaranan təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən mahir siyasətçi idi.

O, canından artıq sevdiyi doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxararaq xalqımıza əmanət edib. Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.

Ulu öndərin arzu və ideyaları bu gün onun siyasi varisi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Bu yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, bundan sonra da möhtərəm Prezidentimizin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir.

Tədbirdə YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri Asiman Qasımlı, Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Natiq İbadov, şəhər 3 saylı tam orta məktəbin müəllimi Rufanə Cəfərli, Astara Pedaqoji Kollecin müəllimi Hümra Babayeva çıxış ediblər.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...