“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçirilib

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının birgə təşəbbüsü ilə dekabrın 10-da "Ekoloji problemlər gənclərin gözü ilə" adlı sərgi təşkil olunub. SİA-nın məlumatına görə, Mərkəzi Nəbatat Bağında keçirilən sərginin məqsədi gənclərin ekoloji sahəyə marağının artırılması və bu mövzuda maarifləndirilməsi, onların yaradıcılıq potensiallarının dəstəklənməsi, sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.

Sərgidə 14-29 yaşlı gənclərin dəzgah rəngkarlığı, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üzrə ekoloji mövzuda əl işlərinin nümayişi, eləcə də gənclərin iştirakı ilə eko-tamaşa, eko-viktorinalar baş tutub. Fərqlənən işlər Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev jurnalistlərə müsahibəsində gənclərin ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirilməsi baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: "Sərgidə 200-ə yaxın əsər nümayiş etdirilir. Ümumiyyətlə, bu gün Azərbaycanda bu sahədə müvafiq dövlət qurumları, ictimai təşkilatlar tərəfindən maraqlı layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyi il ərzində həm Azərbaycanda, həm də ölkəmizdən kənarda beynəlxalq miqyaslı mühüm ekoloji layihələr həyata keçirir. Bu il ölkəmizdə "Nəsimi ili" elan olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında 650 min ağacın əkildiyi aksiya bu məsələyə böyük diqqət yetirilməsinin göstəricisidir. Belə tədbirlər gənclərin təbiətə daha yaxın olması üçün geniş imkanlar yaradır".

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) bəndini rəhbər tutaraq və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.6.5 (gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması) bəndinin icrası məqsədilə təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə