Filarmoniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunub

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım gecəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən anım tədbirində Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirdə qeyd olunub ki, ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olmuş dahi şəxsiyyətdir. Çox illər keçəcək, lakin azərbaycanlılar müdrikliyi və sarsılmaz mətinliyi sayəsində ölkəmizin gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoyub.

Sonra İohan Sebastyan Baxın “Ariya”, Tomazo Albinoninin “Adagio”, Eduard Napravnikin “Melanxoliya”, İrji Bendanın “Grave”, Fikrət Əmirovun “Andante sostenuto”, Con Villiyamsın “Şindlerin siyahısı”, Qabriel Farenin “Pavana”, Jül Massnenin “Meditation”, Volfqanq Amadey Motsartın “Andante”, Volfqanq Amadey Motsartın “Andante” və “Fuqa” əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə