Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib

IDEA Ictimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dekabrın 10-da Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində bal verən ağacların əkilməsi ilə əlaqədar kütləvi aksiya keçirilib. Yüzlərlə könüllünün qatıldığı kütləvi aksiya zamanı 7000 ədəd akasiya ağacı əkilib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir IDEA İctimai Birliyinin ölkədə ekosahibkarlığın inkişafına dəstək layihəsi çərçivəsində təşkil edilib. Layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların Azərbaycanda arealını artırmaq, eyni zamanda, ölkədə arıçılığın inkişafına dəstək verilməsindən ibarətdir. Bu xüsusda, nektar və çiçək tozu verən ağaclardan ibarət meşə sahələrinin artırılması ilə yanaşı, gənc ailələr üçün arıçılıq üzrə təlimlərin təşkil edilməsi, onlara bu istiqamətdə dəstəyin göstərilməsi nəzərdə tululur.

Arı və digər tozlandırıcıların biomüxtəlifliyin mühafizəsində oynadığı vacib rol nəzərə alınaraq, arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz və faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bitki aləminin inkişafı və arıların varlığı bir-birindən asılıdır. Arılar və bəzi başqa həşəratlar bitkiləri tozlandıraraq təkcə bitkilərin fərdi bərpasını yox, həm də müəyyən növlərin inkişafını təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...