Heydər Əliyev – Azərbaycan xalqının əbədiyaşarlıq simvolu

Artıq bu günün reallıqları sübut edir ki, Ulu Öndərin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir, bəhərini qədirbilən xalqımız daim yüksək qiymətləndirir

Bu gün hər bir vətənsevər azərbaycanlı yaxşı bilir və dərk edir ki, Azərbaycanın milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Dahi Rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli Lider Heydər Əliyevə minnətdarıq. Daha bir mühüm amili də qeyd etmək yerinə düşərdi ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü, qüdrətli Azərbaycanı qoydu.

Məhz Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan SSRİ dövründə sürətlə və hərtərəfli inkişaf edərək keçmiş İttifaqın öncül respublikalarından birinə çevrilmişdir. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində iqtisadi və sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir 2,5 dəfə artdı. Respublikamızda bütün sahələrin - sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı, elm tutumlu istehsal sahələrinin yaradılması məhz Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti ilə təmin olunmuş, intellektual, elmi-texniki və iqtisadi potensialı ciddi dərəcədə yüksəlmişdi. 60-cı illərə qədər sənaye malları asılılığı ilə üzləşən Azərbaycan artıq 70-ci illərdə dünyanın 65 ölkəsinə 350 adda müxtəlif növ məhsul ixrac edən ölkəyə çevrilmişdi. Azərbaycan həmin illərdə neft, qaz avadanlıqları istehsalına görə dünyada ABŞ-dan sonra ikinci ən güclü ölkə idi. Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə azərbaycanlı milli kadrların hazırlanması işinə də xüsusi diqqət yetirirdi. Onun təşəbbüsünün nəticəsi idi ki, azərbaycanlı gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. Təkcə onu xatırladım ki, 1969-1982-ci illərdə 10 mindən çox azərbaycanlı gənc Rusiya, Ukrayna və digər ölkələrin tanınmış ali məktəblərində təhsil alaraq respublikaya qayıtmış, Azərbaycanın inkişafına xidmət göstərmişdi və bu gün də göstərirlər. Ümummilli Lider sözün əsl mənasında Ən Böyük Azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.

Ümumiyyətlə, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdu. Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoydu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Böyük idarəçilik təcrübəsinə malik Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirdi. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən birinə çevrilib. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib.

Təcrübə də göstərir ki, tarixin olduqca vacib, həlledici məqamlarında ictimai-siyasi təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli mümkün deyildir. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi gerçəklikdən qaynaqlandı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan bəzi siyasətbazların səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir həlledici zamanda cəmiyyətin sağlam qüvvələrinin diqqəti Naxçıvana yönəlmişdi. Azərbaycanın çətin anında Ümummilli Liderimizin ətrafında sıx birləşməyə, onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün zümrələrini əhatə edirdi. Xüsusilə ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu gözəl bilirdilər. Belə bir məqamda, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan Ulu Öndər Heydər Əliyev “SƏS” qəzeti vasitəsi ilə onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Bu gün mübaliğəsiz deyə bilərəm ki, 1993-cü ildən indiyədək YAP bütün seçkilərdə böyük qələbələr qazanıb. Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi məktəbinin ən əsas sütunudur və ən böyük təsirə malik olan siyasi qüvvədir. Partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir.

2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi və bu yola sadiqliyini hər bir fəaliyyəti ilə təsdiq etdi. Ötən illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlətimizin başçısı İlham Əliyevin növbəti seçkilərdə də parlaq qələbəsini təmin etdi. Hər bir vədini əməli işi ilə təsdiqləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını həyata keçirilən siyasətin önündə saxlayır. Uğurların davamlılığını təmin etmək üçün atılan biri-birindən əhəmiyyətli addımlar da bunu hər gün təsdiq edir.

İctimaiyyətə yaxşı məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyini bərpa edərək bazar iqtisadiyyatı istiqamətində ilk addımlarını atan Azərbaycan Respublikası böyük iqtisadi və siyasi çətinliklərlə rastlaşmışdı. 1989-cu ildən başlamış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşmişdir. Əgər 1989-1991-ci illərdə ümumi daxili məhsul istehsalı hər il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı üç il ərzində azalmanın sürəti 3,8 dəfə artmışdır. 1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə az sənaye və kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Ölkənin belə bir çətin vəziyyətdən çıxarılmasında və Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Yəni, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosial yönümlü iqtisadiyyatın inkişafına nail olundu, ölkə əhalisinin həyat səviyyəsi yüksəldi.

Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı. Belə ki, 1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan verdi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratdı - “Əsrin müqaviləsi” üzrə müvəffəqiyyətlə həyata keçirilmiş işlərdən sonra 1997-ci ilin noyabrında “Çıraq” yatağının ilk quyusundan, sonrakı illərdə “Mərkəzi Azəri” yatağından neft, “Şahdəniz” və “Günəşli” yataqlarından qaz hasil olunmuş, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməri istismara verilmiş və ölkəmiz neftlə yanaşı, qazın da ixracatçısına çevrildi. Məhz görülmüş tədbirlər nəticəsində iqtisadi inkişafın ümumiləşdirici göstəricisi olan ÜDM istehsalında yüksəlişə nail olunmuşdur. Artıq bu günün reallıqları sübut edir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir, bəhərini qədirbilən xalqımız daim yüksək qiymətlənirir.

Ulu Öndər Azərbaycan Respublikasının gələcək inkişafını demokratik və dünyəvi dəyərlərə söykənən sistemlər üzərində qurmuşdur. Müdrik rəhbərimiz müstəqilliyin ilk illərində respublikamızın milli iqtisadiyyatını səmərəli iqtisadi sistem əsasında, habelə xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabət prinsipləri üzərində qərarlaşdırmaq və inkişaf etdirmək üçün strateji xəttini müəyyən etdi. Göründüyü kimi, Heydər Əliyevin strateji inkişaf kursunun real bəhrələrini hər bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi rifah halının günbəgün yaxşılaşmasında görür və ölkəmizin daha da inkişaf edəcəyinə qətiyyən şübhə etmir.

Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Ölkəmizdə 11 aprel 2018-ci ildə keçirilən prezident seçkiləri dövlət-xalq birliyini, respublika əhalisinin böyük əksəriyyətinin Prezident İlham Əliyevə dərin inam və məhəbbət bəslədiyini bir daha təsdiq etdi. Xalqımız qətiyyətlə inanır və görür ki, ölkəmizin sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə bağlıdır. İqtidarla xalq arasında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib. Bu inkişaf isə, Azərbaycanın daha güclü, daha qüdrətli ölkəyə çevrilməsinə kifayət qədər zəmin yaradır.

Muxtar NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...