"Hər il 100 min insan üçün yeni imkanlar yaradılmalıdır"

"Əmək resursları üçün yeni sahələr yaradılmalıdır və bu yeni sahələr insanın yaradıcı potensialına əsaslana bilər. Belə sahələrdə məşğulluğa daha çox ehtiyac duyulacaq”. SİA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində çıxışı zamanı bildirib.

Nazir yaradıcı sənayenin gələcəyinin çox böyük və geniş olduğunu diqqətə çatdırıb. "Texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması ilə yüzlərlə peşə sıradan çıxıb. Yaradıcı sahələrin daha bir özəlliyi odur ki, burada sadəcə insanın bilik, bacarıq və yaradıcılığına ehtiyac var", deyə Sahil Babayev xatırladıb.

S.Babayev həmçinin əlavə edib ki, yaradıcı sənayenin gəlirliliyi çox yüksəkdir. "Yaradıcı sənayedə imkanlar çox genişdir və bu, birmənalı olaraq dəstəklənməlidir. Azərbaycanda çox yüksək məşğulluq səviyyəsinə nail olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə işsizlik 4,4 %-dir. Təkcə bu il Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 81 min şəxs münasib işlə təmin olunub. Özünüməşğulluq proqramlarına 9009 nəfər cəlb edilib. Ümumilikdə 90 min işsizə və işaxtarana bu ilin 11 ayında iş imkanları yaradılıb. Ancaq qarşımızda ciddi çağırış durur, çünki Azərbaycan əhalisi artır. Hər il təxminən 100 min insan əmək bazarına daxil olur və onlar üçün yeni imkanlar yaradılmalıdır. Bu imkanların ən böyük siqmenti də məhz yaradıcı sənayedir", deyə nazir vurğulayıb.

Nazir bu sahədə təhsil müəssisələri, peşə tədrisi mərkəzləri və aidiyyəti dövlət qurumlarının əlaqəli işləməli olduqlarını qeyd edib.

"Bu il əmək müqavilələrinin sayı 150 mindən çox artıb. Bunun da 2/3-si özəl sektorun payına düşür. Ölkədə əməkhaqqı fondu 40 % artıb. İnsanları maksimum maarifləndirməliyik ki, əmək münasibətlərinə girsinlər”, deyə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bildirib.

S.Babayev əlavə edib ki, əlilliyi olan şəxslərə özlərini ifadə etmək, bizneslərini qurmaq, gəlir imkanlarını artırmaq üçün yaradıcı sənaye geniş potensial yaradır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...