Ötən il Azərbaycan dövlət sərhədlərinin mühafizəsi tədbirləri çərçivəsində təqribən 5 844 635 manat qaçaqmalçılıq predmeti tutulub

Ötən il Azərbaycan dövlət sərhədlərinin mühafizəsi tədbirləri çərçivəsində təqribən 5 844 635 manat qaçaqmalçılıq predmeti tutulub

Ötən il Azərbaycanın dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabatında bildirilir. Ötən il Azərbaycanın 20 Sərhəd Nəzarət Məntəqəsində dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin foto-çəkilişinin aparılması sistemi quraşdırılıb. Dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması və nəqliyyat vasitələrinə baxışın keçirilməsi üçün xüsusi texniki vasitələr alınaraq Sərhəd Nəzarət Məntəqələrinə göndərilib.

Ötən il "Şıxlı", "Samur", "Biləsuvar" və "Astara" Sərhəd Nəzarət Məntəqələrində radiasiya aşkar edən portal monitorlar qurulub. Ümumilikdə hərbi hissələrdə 158 binadan ibarət xidməti və yaşayış obyektlərinin əsaslı tikintisi başa çatdırılıb.

Hesabat dövründə dövlət sərhədinin mühafizəsi tədbirləri çərçivəsində 381 nəfər sərhəd pozucusu və təqribi məbləği 5 844 635 manat olan qaçaqmalçılıq predmeti tutulub. İl ərzində tutulmuş sərhəd pozucularının 29,3 faizi Azərbaycandan müqabil ölkələrə keçərkən, 70,7 faizi isə müqabil ölkələrdən Azərbaycana gələrkən saxlanılıb. Hesabat dövründə 450 ədəd ideoloji cəhətdən zərərli dini kitab, 13 ədəd broşür, 4069 ədəd VDD diski və 61 xəritə aşkarlanaraq götürülüb. Narkotiklərlə mübarizə tədbirləri çərçivəsində isə 241 kq 391,4 qram narkotik maddə aşkar edilərək götürülüb. "Xaşxaş-2010" şərti adı altında keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitmiş 11,1 ton narkotik xassəli bitki yığılaraq məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə