Xələf Xələfov: "Gürcüstanla delimitasiya məsələsində fikir ayrılığı mövcuddur"

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Tbilisidə keçirilməsi nəzərdə tutulan görüşdə nəinki əldə olunan materiallar və yerlərdə aparılan son müşahidələr və araşdırmalar nəzərdən keçiriləcək, eyni zamanda bəzi arxiv materiallara yenidən baxılacaq: "Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin 2/3 hissəsini razılaşdırmağa müvəffəq olmuşuq, onun 1/3 hissəsi isə qalmaqdadır. Burada müəyyən fikir ayrılıqları var, müəyyən sənədlərin baxılmasına yenidən ehtiyac yaranıb. Bu məqsədlə mütəxəssislərimizin ilin sonuna qədər Tbilisidə görüşməsi barədə razılaşmışıq".

X.Xələfov əlavə edib ki, komissiyanın növbəti iclası gələn ilin birinci rübündə keçirilməlidir: "Sərhədin demilitasiyası ilə bağlı əvvəlki bir çox görüşlərdə irəliləyişlərə nail ola bilməmişik. Gürcüstanla bu məsələdə fikir ayrılığı mövcuddur və müəyyən sənədlərin yenidən baxılmasına ehtiyac var. Ekspertlər ardıcıl olaraq görüşlər keçirirlər. Biz razılığa gəlmişik ki, növbəti ekspert görüşləri davam etdirilsin ki, iclas keçirilən zaman müəyyən irəliləyişlər olsun. Çünki əvvəlki bir çox görüşlərdə biz irəliləyişlərə nail ola bilməmişik. Razılaşdırılacaq məsələlərdə açıq yerlər var idi ki, onlar üzərində işlər aparılmalıdır. Ekspertlər Tibilisidə görüşəcəklər, arxiv materiallarına da baxılacaq. İlin sonuna kimi ekspertlərin görüşü baş tutacaq”.

Nazir müavini Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası işlərinə ermənilərin təxribat xarakterli müdaxiləsi məsələsinə də münasibət bildirib: "Delimitasiya məsələsi iki dövlət arasında sənədlərin hüquqi baxımından təsdiq olunmasıdır. Bu məsələni siyasiləşdirmək istəməzdim. Biz çalışırıq ki, hər iki tərəfdən bu məsələnin həllinə yönəlmiş faktlar və hüquqi sənədlər mövcud olsun ki, gələcəkdə hər hansı bir sual doğurmasın. Təbii ki, hər bir danışıqlar prosesinə təsir edən müəyyən faktorlar ola bilər. Bilirsiniz ki, sərhəddə müəyyən qüvvələr tərəfindən təxribatlar törədilmişdi və bəyanatlar səsləndirilmişdi. Biz bunları rədd edirik və qəbul etmirik. Bu cür təxribatlar delimitasiya prosesinin hüquq əsasında keçirilməsinə mane olan faktlardır. Hər iki tərəf çalışmalıdır ki, bu cür təxribatlara uymasın və təxribatlar danışıqlar prosesinə təsir etməsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...