Bölgələrdə keçirilən ağacəkmə aksiyası fəallığı ilə yadda qaldı - FOTOLAR

Zərdab

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən 650 min ağac əkini kampaniyasına qoşulan zərdablılar 6 dekabr 2019-cu il tarixdə şəhər və kəndlərdə, park və meydanlarda, ümumilikdə, rayon ərazisində müxtəlif növ ağaclar əkiblər.

Rayon ərazisində kampaniyaya hazırlıq ərəfəsində 17 min, bu gün isə 10 min ədəddən çox ağac əkilib, yeni yaşıllıqların suvarılması üçün xətlər çəkilib. Ağacəkmə kampaniyasında rayon rəhbərliyi, icra strukturlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, gənclər, YAP fəalları, ictimaiyyət nümayəndələri - ümumilikdə, 2500 nəfərdən çox rayon sakini iştirak edib.

Tərtər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yüksək fəallıqla həyata keçirilib.Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ağac əkini üçün nəzərdə tutulan ərazilər əvvəlcədən təmizlənib, hamarlanıb, cızlar çəkilib, çalalar qazılıb əkinə tam hazır vəziyyətə gətirilib.

Tərtərlilər aksiya çərçivəsində Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Şıxarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 500 ədəd şam, 3000 ədəd göyrüc, 2500 ədəd akasiya, 2000 ədəd iydə, 1000 ədəd çinar, 1000 ədəd sərv, yerli tingçilər tərəfindən isə 5 min ədəd müxtəlif növ meyvə ağacları, ümumilikdə, 15 min ağac əkiblər.Ağac əkilən ərazilərdə abadlıq-təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması həyata keçirilib. Əlavə olaraq gün ərzində, Çin Xalq Respublikasından baramaçılığın inkişafı məqsədi ilə gətirilən 30 min ədəd tut tinginin də əkilməsinə start verilib. Tərtərlilər rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin hazırladıqları konsertin musiqi sədaları altında bayram əhval-ruhiyyəsi ilə ağacəkmə aksiyasını davam etdiriblər.

Xocavənd

Dünən Xocavənd rayonunda "Azərbaycanımızı yaşıllaşdıraq" devizi altında ağacəkmə aksiyası keçirilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsünə qoşulan xocavəndlilər 1400 ağac, eyni zamanda, Rayon Polis Şöbəsinin əməkdaşları 100 ağac əkiblər. Kampaniyada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Xocavənd rayon təşklatının üzvləri, Rayon ictimaiyyəti, idarə , müəssisə, təşkilatların işçiləri, könüllülər, ölkəmizi tanıyaq tur-aksiyasının məktəbliləri iştirak etmişdir.

750 nəfərdən çox sakinin iştirak etdiyi aksiya bayram əhval-ruhiyyəli keçmiş, Nəsiminin qəzəllərindən ifalar səsləndirilmişdir.

ŞƏMKİR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinin nəzərdə tutulmasıdır. Bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir. 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.

"Nəsimi İli" ilə əlaqədar olaraq, ölkənin hər yerində olduğu kimi, bu gün Şəmkir rayonu ərazisində də ağacəkmə kampaniyası keçirilib. Əraziyə 1000-ə yaxın rayon sakini tərəfindən 6000 ədəd ağac əkilib. Dünən keçirilən ümumrespublika ağacəkmə aksiyası Şəmkir rayonunda rayon ziyalıları, xüsusilə də, gənclər arasında böyük ruh yüksəkliyi ilə həyata keçirilib. Aksiyada Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının məsul işçiləri, idarə, müəssisə işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonun fəal gəncləri və YAP fəalları iştirak ediblər. Aksiya tədbir iştirakçıları tərəfindən bayram əhvalı ilə qarşılanıb və milli musiqiqlərimizin sədaları altında keçirilib. Ağacəkmə aksiyasında Eldar şamı, sərv, göyrüş, iydə, qarağac, qovaq, tuya və s. əkilib.

Biləsuvar

Dünən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan biləsuvarlılar rayon ərazisində bir gündə 3 min ağac əkdilər.

Ağacəkmə aksiyasında Biləsuvar rayon icra hakimiyyəti və YAP Biləsuvar rayon təşkilatının birgə rəhbərliyi ilə rayonun bütün idarə, müəsissə, təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edirdi.Bu məqsədlə rayonda əvəllcədən ağac əkiləcək yerlər müəyyənləşdirilib və ərazidə müvafiq işlər aparılmışdır. Biləsuvar-Əsgərəbad-Çaylı yolunun kənarı boyunca olan ərazidə ağcaqayın, xan çinarı, şam, göyüş, ərik və digər ağac növləri əkilərək suvarılmışdır.

Kürdəmir

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda, o cümlədən, Kürdəmir rayonunda da böyük razılıqla qarşılanıb. Dekabrın 6-da Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının üzvləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşularaq, qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun 5 mindən çox ağac tinginin əkilməsində iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə "Nəsimi İli" elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin, "Nəsimi İli" çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.

Pirallahı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Pirallahı rayon icra hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 6 dekabr 2019-cu il tarixdə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Pirallahı rayonunda 38000-dən artıq müxtəlif növ ağac əkilmişdir. Ağacəkmə aksiyasında RİH-in, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumilikdə, aksiyada 1550 nəfər iştirak etmişdir. Möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatların əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsi və insanların sağlam və ekoloji təmiz şəraitdə yaşaması olduğundan, Pirallahı rayonu da bu aksiyadan kənarda qalmamışdır. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparmış, əkilmiş tinglərə və yeni əkilən ağaclara aqrotexniki qulluq göstərmişlər.

Bu aksiya yaşıllıq zolaqlarının genişlənməsinə, ekoloji tarazlığın bərpasına, eləcə də, cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verəcəkdir. Pirallahı ən gənc rayon olmasına baxmayaraq, ölkə başçısının diqqət və qayğısı nəticəsində, artıq Bakı rayonları arasında öz layiqli yerini tutmuşdur. Dövlət başçısının dediyi kimi, "Pirallahının siması dəyişib və o, bu gün Bakının ən qabaqcıl rayonlarından birinə çevrilmişdir". Yaradıldığı 6 il müddətində ölkə başçısının rayona 6 səfəri baş tutmuşdur ki, bunlardan da üçü Birinci-vitse prezident Mehriban xanım Əliyeva ilə birlikdə olmuşdur. Bu səfərlər zamanı rayonda çoxsaylı sənaye müəssisələrinin, müxtəlif təyinatlı sosial obyektlərin açılış və təməlqoyma mərasimləri reallaşmışdır. Dekabrın 6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də Pirallahı rayonunda olmuşdur. O, Pirallahı qəsəbəsinin girişində 2015-ci ilin dekabrında dənizdə neft platformasında baş vermiş qəza nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış adidəni ziyarət etmiş, abidənin önünə gül dəstəsi qoymuşdur. Abidənin ətrafında neftcilərin xatirəsinə 33 ədəd ağac əkilmişdir. R.Abdullayev sonra Pirallahı qəsəbəsində, "Abşeronneft" NQÇİ-nin ərazisində həyata keçirilən ağacəkmə aksiyasında da iştirak etmişdir.

Samux

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə "650 min ağac əkək" aksiyası hər yerdə olduğu kimi, Samux rayonunda da rəğbətlə qarşılanıb. Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin "Nəsimi İli" elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından, xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs Nəsimi dühasının təbliği ilə bərabər, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə də bir vəsilədir.

Bu təşəbbüs Samux rayon gəncləri tərəfindən də yüksək qiymətləndirilib. Aksiya ərəfəsində onlar hər gün səhər ərazilərə gedir, sahələri təmizləyir, çalalar qazaraq ağacəkmə kampaniyasının başlanmasını səbirsizliklə gözləyirdilər. Bu gün isə YAP Samux rayon təşkilatının gəncləri böyük ruh yüksəkliyi ilə aksiyaya qoşulublar, təbiətimizə gözəllik gətirəcək bu aksiyada böyük fərəhlə iştirak edirlər. Onlar bu xeyirxah aksiyanın uğurla həyata keçməsi üçün öz səylərini əsirgəmirlər. Qeyd edək ki, bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.

Rəfiqə Hüseynova,

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...