TUMİB-in “Nəsimi ili” - mədəni irsimizin təbliğində rolu, II Bakı Forumu keçirilib

Dekabrın 6-da Bakı Konqres Mərkəzində “Nəsimi ili” - mədəni irsimizin təbliğində Türkiyə Universitetləri Məzunlarının rolu, II Bakı Forumu” keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Türkiyə universitetlərindən məzun olan Azərbaycan vətəndaşlarını Nəsimi yaradıcılığının və mədəni irsimizin təbliği ilə bağlı bir araya gətirmək, gələcək hədəfləri müzakirə etməkdir.

Forumda müxtəlif illərdə qardaş ölkədə təhsil almış azərbaycanlı məzunlar, Azərbaycanın və Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

TUMİB-in sədri Çingiz Bayramov Forumda çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan olunduğunu xatırladıb, bununla bağlı həm ölkə daxilində, həm də xaricdə çoxsaylı tədbirlərin keçirildiyini bildirib. O, Nəsimi irsindən söz açıb, dahi şair və mütəfəkkirin ideyalarının müasirliyi, elmdə rolundan danışıb. Nəsimini Azərbaycan poeziyasının əsas sütunlarından biri kimi xarakterizə edən Ç.Bayramov onun irsinin xalqımızın ədəbi zövqünün formalaşmasında müstəsna rol oynadığını bildirib. TUMİB-in sədri forum çərçivəsində analoji tədbirlərin Gəncə və Sumqayıt şəhərlərində də keçirildiyini söyləyib. O, bu cür tədbirlərin Azərbaycan və Türkiyə gəncləri arasında körpü rolunu oynadığını vurğulayıb.

Çingiz Bayramov bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrdə elm və təhsil sahəsində əməkdaşlıq özünəməxsus yer tutur. Son yüz ildə Azərbaycanın elmi, mədəni, ədəbi mühitində uğur qazanan ziyalılarının arasında Türkiyə universitetləri məzunlarının rolu var. Bu ənənə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra yenidən bərpa olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinin Türkiyənin nüfuzlu universitetlərində təhsil almalarına diqqət yetirirdi. Bu günədək Türkiyə universitetlərindən məzun olan azərbaycanlıların sayı on minlərlədir. Hazırda Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı isə 20 min 500 nəfərdir.

Qeyd edilib ki, məzunlar arasında cəmiyyətimizin tərəqqisinə xidmət edən müxtəlif peşə sahibləri var. Onlar qardaş ölkədə yiyələndikləri bilikləri Azərbaycanda çalışdıqları sahələrdə tətbiq edirlər. Türkiyə universitetlərinin azərbaycanlı məzunları cəmiyyətin həyatında fəal iştirak edərək müxtəlif sahələrdə çalışır, yüksəkixtisaslı kadr kimi Azərbaycanın inkişafına layiqli töhfələrini verirlər.

Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil almasına xüsusi diqqət yetirir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbulu Azərbaycan dövlətinin gənclərimizin dünyanın qabaqcıl universitetlərində təhsil almasına böyük önəm verməsinin göstəricisidir.

Çingiz Bayramov Azərbaycan Prezidentinin son vaxtlarda apardığı islahatlardan da danışıb. O deyib ki, Prezidentin apardığı bu islahatlar nəticəsində gənclərə böyük fəaliyyət imkanı yaradılır. Birinci vitse-prezident Mehriban Əliyeva da gənclərin təhsilinə və fəaliyyətinə xüsusi diqqət yetirir.

Forumun səmərəli müzakirələrlə Türkiyə məzunlarının həyatında yaddaqalan tədbirə çevriləcəyinə əminliyini ifadə edən İctimai Birliyin sədri onun işinə uğurlar arzulayıb.

Sonra ötənilki forumla bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra gənc nəsimişünas alimlərin çıxışları dinlənilib. Onlar Nəsimi poeziyasının əbədiyaşarlığından, ədəbiyyat tariximizdəki özünəməxsus yerindən danışıblar.

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və Türkiyə universiteti məzunları Azərbaycanın mədəni irsinin təbliğində gənclərin üzərinə düşən vəzifələrdən bəhs ediblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Onlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Dahi rəhbər Heydər Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini bildirən natiqlər Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar. Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrin inkişafına töhfə verəcək forum bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.

Çıxış edənlər xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan Azərbaycan gənclərinə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar. Onlar Türkiyə universitetləri məzunlarının dövlətimizə və xalqımıza bundan sonra da ləyaqətlə xidmət edəcəklərini vurğulayıb, qarşıda duran vəzifələrdən danışıblar.

Sonda “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə