“Prezident İlham Əliyev hər zaman verdiyi vədlərin üzərində dayanır” – Bəhruz Quliyev

"Cənab İlham Əliyevin Şamaxıya səfəri və orada əhali ilə keçirdiyi görüşləri, yol və s. infrastrukturların açılışında irəli sürdüyü fikirləri bir daha belə deməyə əsas verir ki, dövlətimizin başçısı hər zaman verdiyi vədlərinin üzərində dayanır və bu vədlərini qısa zamanda yerinə yetirir", Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev Prezident İlham Əliyevin Şamaxıya səfəri və səfər çərçivəsində keçirdiyi görüşləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Şamaxıda baş verən zəlzələ nəticəsində ölkə başçımız bu rayona səfər edərək, təbii fəlakətdən zərər çəkmiş insanlarla görüşdü, onların problem və qayğıları ilə maraqlandı və vəd etdi ki, çox qısa zamanda onların sosial və digər problemləri şəxsi diqqətində olmaqla həll olunacaq: "Göründüyü kimi, cənab İlham Əliyev bir daha sübut etdi ki, daim xalqının, sadə vətəndaşların yanındadır, eləcə də, onların problem və qayğılarının qısa vaxtda aradan qaldırılması, müsbət həll olunması üçün öz həssaslığını, qətiyyətini ortaya qoyub. Təkcə bir əhəmiyyətli fakta baxaq və bundan nəticə çıxaraq - dünyanın heç bir ölkəsində təbii fəlakətlərin aradan qaldırılması prosesi bu qədər qısa dövr ərzində baş verməyib. 10 ay ərzində bütün evlərin yenidən tikilməsi, əsaslı şəkildə təmiri həqiqətən də misli görünməmiş məsələdir və bu məsələdə bilavasitə Prezident İlham Əliyev cənablarının qətiyyəti, vətəndaş sevgisi dayanır".

Siyasi ekspert əlavə edib ki, məhz bu addım isbat edir ki, Azərbaycan dövləti daim öz xalqının, vətəndaşlarının yanındadır və bu reallıq vətəndaşların dövlətə, Prezidentə olan bağlılığının, etimadının, inamının danılmaz və bariz təcəssümüdür: "Ümumiyyətlə, bu gün Şamaxı rayonunda gedən inkişaf və quruculuq işlərinin hər birinin təməlində bu faktorlar dayanır, rayonun mərkəzindən tutmuş ən ucqar kəndlərinə qədər quruculuq-abadlıq işləri həyata keçirilir. Çünki Şamaxının kompleks inkişafı birbaşa ölkə rəhbərimizin xüsusi diqqəti mərkəzindədir".

"Təkcə Şamaxı-Yevlax rayonlarını birləşdirən yeni avtomobil yolunun açılışı, eyni zamanda digər sosial və s. obyektlərin vətəndaşların istifadəsinə verilməsi əlbəttə ki, hər birimizi sevindirir, dövlətimizin tərəqqi yolu tutması faktını növbəti dəfə sübut edir", deyə qeyd edən baş redaktora görə, əlbəttə ki, bu inkişaf və tərəqqi davam edəcək və söz yox ki, ölkəmizdə aparılan köklü, çoxşaxəli islahatlat daha böyük uğurlara imza atmağa geniş imkanlar yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə