Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək

Bu gün Azərbaycan landşaftı 650 min ağacla zənginləşəcək

Bu gün Azərbaycanda bir gün ərzində indiyədək görünməmiş sayda - 650 min ağac əkiləcək. Bu ekoloji aksiya dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. SİA-nın verdiyi məlumata görə, ağacəkmə aksiyası respublikanın bütün regionlarını əhatə edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb. Xəritədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın regionlarında ağacların əkiləcəyi yerlər qeyd olunub. Aksiyada nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilən 50 növə yaxın ağac əkiləcək. Ağacların böyük hissəsi magistral yolların kənarlarında əkiləcək.

650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə aksiyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...