"Hər qaranlığı işıq qovar” sənədli filmi Mingəçevirdə nümayiş etdirilib

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə 100-ə yaxın müəllim və tələbə heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, məişət zorakılığının cəmiyyət üçün sosial bəlaya çevrilməsi və bunun qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə məruzə oxuyub. Layihə çərçivəsində ərsəyə gətirilmiş “Hər qaranlığı işıq qovar” adlı sənədli film Mingəçevir Gənclər Evində nümayiş etdirilib. Sənədli filmdə, məişət zorakılığı faktları və onların cəmiyyət üçün zərərli nəticələri barədə geniş və faydalı informasiya verilməklə bərabər, məişət zorakılığının qarşısının alınması istiqamətində aparılmış araşdırmalar barədə məlumatlara yer verilib. Sənədli filmin təqdimatından sonra tədbir Mingəçevir Turizm Kollecinin müəllim və tələbə heyəti ilə geniş müzakirələrin aparılması ilə davam etdirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...