Aydın Quliyev: “Jurnalistika ixtisası üzrə yeni layihələrin həyata keçirilməsinə böyük ehtiyac var”

Aydın Quliyev: “Jurnalistika ixtisası üzrə yeni layihələrin həyata keçirilməsinə böyük ehtiyac var”
"Jurnalistikada təhsil alan həm bakalavrların, həm də magistrlarin səviyyəsi ilə bağlı fikir söyləmək üçün mənim birbaşa kontaktlarım olmayıb. Amma bu yaxınlarda Mətbuat Şurasının Bakı Dövlət Universitetində apardığı monitorinqin nəticələri mənim üçün bir siqnal oldu". Bu barədə SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev məlumat verib. O bildirib ki, bu nəticələrə görə, jurnalistika fakultəsində oxuyan tələbələrin 85 %-i universiteti bitirəndən sonra bu ixtisasın arxasınca getməyəcəyini və təsadüf nəticəsində bu ixtisasa düşdüyünü deyib. Bunun çox dəhşətli bir rəqəm olduğunu deyən baş redaktorun sözlərinə görə, əgər nəzərə alsaq ki, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini ildə 50-55 nəfər bitirir və bunun 85% jurnalistikanın arxasınca getməyəcəksə, deməli qəzetlər bir ildə 10-12 jurnalist ala biləcək.

A.Quliyev vurğulayıb ki, 10-12 jurnalisti, qəzetlər, informasiya agentlikləri və televiziyalar arasında bölüşdürdükdə defisit yaranır.

"Ona görə də Mətbuat Şurasının jurnalistlərin təhsili ilə bağlı verdiyi təkliflərə çox ciddi yanaşıram. Jurnalistika ixtisası üzrə istər bakalavr, istərsə də magistr səviyyəsində yeni layihələrin həyata keçirilməsinə böyük ehtiyac var. Müəyyən qüvvələrin buna maneçilik törətməyə çalışmasına baxmayaraq fikrimcə, Mətbuat Şurasının sağlam mövqeyi sonda qalib gələcək. İstər bakalavr səviyyəsində abituriyentlərin qəbul imtahanları vaxtı qabiliyyət yoxlamalarının tətbiq olunması, istərsə də bakalavrların səviyyəsinin yoxlanılmasına Mətbuat Şurasının potensialının cəlb olunması sonda reallaşacaq. Çünki bu mütərəqqi təcrübədir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə