Nizami rayonunun qadın seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər FOTOLAR

Qarşıdan gələn 23 dekabr bələdiyyə seçkilərilə əlaqədar, Azərbaycanın bütün bölgələrində yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunmaqdadır. Xüsusilə də, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının həyata keçirdikləri təbliğat-təşviqat kampaniyası yüksək aktivlik və qələbəlik baxımından diqqət cəlb edir. Elə bu cür yüksək fəallıq və möhtəşəmlik Bakı şəhərinin Nizami rayonunda da müşahidə olunmaqdadır. Belə ki, YAP tərəfindən namizədliyi irəli sürülmüş partiya üzvlərinin təşviqat materiallarının qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırılması prosesindən sonra təbliğat görüşlərinə start verilib.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq, ötən gün Nizami və Keşlə bələdiyyələri üzrə 34 partiya namizədlərinin qadın seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı, səlahiyyətli nümayəndə Sədaqət Vəliyeva çıxış edərək namizədliyi irəli sürülmüş partiya üzvlərini seçicilərinin diqqətinə çatdırıb.

Sədaqət Vəliyeva: "YAP-ın xalq üçün, Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi onun namizədlərinin qələbəsini şərtləndirmiş olur"

Namizədlərlə tanışlıqdan sonra sözünə davam edən Sədaqət Vəliyeva qeyd edib ki, son 16 ildə YAP-nın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə tam ictimai-siyasi sabitlik yaradılıb, iqtisadiyyatın bütün sahələrinin inkişafı təmin edilib, regionların və Bakı şəhərinin rayon və qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində həm bölgələrin inkişafı təmin edilib, həm də əhalinin məşğulluq problemi həll edilib.

Deputat deyib ki, YAP-ın xalq üçün, Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi onun namizədlərinin qələbəsini şərtləndirmiş olur.

Vüqar Quliyev: "Seçiciləcəyimiz təqdirdə ötən 5 il ərzində olduğu kimi gələcək illərdə də seçicilərimizin etimadını doğrultmağa çalışacağıq"

Çıxış edən YAP-ın namizədi, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev son 5 il ərzində görülmüş işlər barədə hesabat verib və perspektiv planlar, seçki platforması haqqında danışıb: “Seçiciləcəyimiz təqdirdə ötən 5 il ərzində olduğu kimi gələcək illərdə də seçicilərimizin etimadını doğrultmağa çalışacağıq”.

Ələmdar Bafadarov: "Seçicilərimiz bizə yenidən etimad göstərərsə, biz də ötən illərdə olduğu kimi onların ümidlərini maksimum şəkildə doğrultmağa səy göstərəcəyik"

Partiyanın namizədi, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov son beş il ərzində Keşlə bələdiyyəsinin səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bələdiyyə ötən müddətdə vətəndaşların arzu və istəklərini reallaşdırmaq üçün maksimum səy göstərib: “Düşünürəm ki, seçicilərimiz bizə yenidən etimad göstərərsə, biz də ötən illərdə olduğu kimi onların ümidlərini maksimum şəkildə doğrultmağa səy göstərəcəyik”.

Hülya Məmmədli: "Yeni Azərbaycan Partiyası bu seçkilərdə də gənclərə və qadınlara iştirak üçün geniş imkanlar yaradıb"

YAP tərəfindən namizədliyi irəli sürülmüş, partiyanın Mərkəzi Aparatının məsul əməkdaşı Hülya Məmmədli bələdiyyələrin cəmiyyətimizin sosial-iqtisadi və mədəni-ictimai həyatında oynadığı roldan bəhs edib. Hülya Məmmədli həmçinin dövlətin gənclər siyasəti və uğurları haqqında da danışıb: “Yeni Azərbaycan Partiyası bu seçkilərdə də gənclərə və qadınlara iştirak üçün geniş imkanlar yaradıb”.

Aytən Hüseynova: "Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin Sədri olduğu partiyanın namizədlərinin qarşıdan gələn seçkilərdə də qalib gələcəyinə inanıram"

YAP-ın namizədi, partiyanın YAP Gənclər Birliyi Ofisinin əməkdaşı Aytən Hüseynova isə çağırış edərək bildirib ki, xalq üçün hər bir kəs bu prosesdə fəal iştirak etməli, cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının dəstəkləməlidir. Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlar hər birimizin gözü önündədir. Bunları sadalamağa ehtiyac yoxdur. Ona görə də mən Nizami rayonunun qadın seçicilərini YAP-ın bələdiyyəyə namizədlərinə səs verməyə çağırıram”.

Sevinc Hüseynova: "Bu gün Azərbaycanın siyasi arenasında Prezident İlham Əliyevə və Sədri olduğu YAP-a alternativ ola biləcək qüvvə yoxdur"

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova bildirib ki, ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin Sədri olduğu partiyanın namizədlərinin qarşıdan gələn seçkilərdə də qalib gələcəyinə əmindir: “Bunu hər bir rayonda, şəhərdə, ümumiyyətlə, respublikada görülən işlər təsdiq edir. Bu gün Azərbaycanın siyasi arenasında Prezident İlham Əliyevə və Sədri olduğu YAP-a alternativ ola biləcək qüvvə yoxdur. Ona görə də Yeni Azərbaycan Partiyası xalqımızın alternativsiz seçimidir”.

Sonda çıxış edən rayon seçiciləri xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər. YAP-ın namizədlərinin seçicilərlə görüşü yüksək əhval-ruhiyyə şəraitində baş tutub, onların müxtəlif sualları cavablandırılıb.

Sevinc Hüseynova: "Bu gün Azərbaycanın siyasi arenasında Prezident İlham Əliyevə və Sədri olduğu YAP-a alternativ ola biləcək qüvvə yoxdur"

Bütün xəbərlər Facebook səhifəmizdə