Pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi? - SORĞU

Pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi? - SORĞU

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) "Pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi?" adlı interaktiv sorğusu başa çatıb. DSMF-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 62,44 faizi onlara ünvanlaşmış suala "bəli", 21,71 faizi isə "xeyr" cavabını veriblər. Sorğuya qatılanların 15,85 faizi isə ümumiyyətlə bu haqda məlumatsız olduqlarını vurğulayıb.

 

Sorğunun nəticələri göstərir ki, respondentlərin böyük əksəriyyəti, yəni 62,44 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğundan məlumatlıdır. Bu isə son dövrlər əhali arasında aparılan maarifləndirmə işlərinin, kütləvi informasiya vasitələrindən istifadə etməklə təbliğatın daha da gücləndirilməsinin nəticəsidir.

 

Xatırladaq ki, 2009-ci ilin sonunda keçirilən analoji sorğunun nəticələri tamamilə fərqli olub. Həmin dövrdə keçirilən sorğu zamanı rerpondentlərin cəmi 34,9 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bildiyini nəzərə çatdırmışdı.

 

Qeyd edək ki, 2006-cı il 01 yanvar tarixindən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Fərdi uçot sistemi tətbiq edildikdən sonra təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Bu səbəbdən hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, harada çalışmasından asılı olmayaraq işləməyə başlayarkən ilk növbədə əmək müqaviləsini imzalamalı, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

 

Yeni sığorta - pensiya sistemində hər bir şəxs hələlik əmək fəaliyyəti dövründə özünün gələcək pensiya məbləğinə təsir edə bilər. Sığorta - pensiya sistemində davam etdirilən islahatların mühüm həlqəsi kimi yaxın gələcəkdə hər bir vətəndaşın fərdi hesabı ilə bağlı məlumatlandırılması da nəzərdə tutulur. Belə ki, hazırda Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan bütün sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə əldə edə bilməsı üçün ümumi məlumat bazasının yaxın vaxtlarda istifadəyə verilməsi istiqamətində iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə