Mübariz Qurbanlı: “Azərbaycan xalqı radikal çağırışların arxasınca getmir, mitinq əhval-ruhiyyəsindən tamam uzaqdır” - MÜSAHİBƏ (SƏSTV)

Mübariz Qurbanlı: “Azərbaycan xalqı radikal çağırışların arxasınca getmir, mitinq əhval-ruhiyyəsindən tamam uzaqdır” - MÜSAHİBƏ (SƏSTV)

Yeni Azərbaycan  Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SİA-ya müsahibəsi

 

 

- Bu günə radikal müxalifətin aksiyası planlaşdırılıb. Sizcə, radikal müxalifət nə istəyir, bu cür aksiyalar nəyə xidmət edir?

 

- Azərbaycanda siyasi prosesdə bəzi qüvvələr var ki, onlar hələ də radikal çağırışlardan əl çəkmirlər. Bi il Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd edəcəyik və bu 20 il ərzində Azərbaycan xalqı siyasi həyatda çox hadisələrin şahidi olub. Azərbaycanın müstəqilliyinin ilk illərində siyasi arenaya çıxmış qüvvələr radikal çağırışları ilə yadda qalıb. Azərbaycan inkişaf edib, ölkənin ictimai-siyasi həyatında keyfiyyət dəyişiklikləri baş verib. Təəssüf ki, radikal qanadın əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. Bu gün də İsa Qənbər, Əli Kərimli və onun kimilər ötən əsrin 90-cı illərin əvvələrində olan hərəkətlərlə fəaliyyətini davam etdirməkdədirlər. Azərbaycanda radikal yönümlü siyasi proses praktik olaraq sönmək üzrədir. Radikalların yenidən Azərbaycanın ictimasi-siyasi həyatını pozmaq cəhdi iflasa uğrayıb və bundan sonra radikal yönümlü müxalifət siyasi səhnədən demək olar ki, aradan qalxmaqda, sosial dayaqlarını itirməkdədir. Bu proses bu gün də gedir və Azərbaycanda sosial yönümlü şüarları müdafiə edən insanların ümumi sayı bəlkə də 0,1 faiz təşkil etmir. 2010-cu il parlament seçkilərində apardığımız təhlil göstərdi ki, bütövlükdə Azərbaycanda müxalifətə yönümlü insanların sayı 7 faiz civarındadır. Bunun da 0,1 faizi radikal çağırışları müdafiə edir. Bu gün Azərbaycan parlamentində siyasi dialoq mühitində iqtidarla müxalifət arasında siyasi müstəvidə rəqabət davam edir. Lakin bu rəqabət normal məcrada davam edir. Amma hələ də cəmiyyətdə radikal çağırışları gündəmdə saxlamaq istəyənlər var. Radikal çağırışlarla gündəmdə qalmaq istəyənlərin bir hissəsi Müsavat Partiyasındadır. Bu partiyanın say tərkibi də o qədər azalıb ki, onu hazırda dərnək də adlandırmaq olar. Həmin qrup bu gün Bakı şəhərinin mərkəzində aksiya keçirmək istəyir. Bundan əvvəl həmin qrup Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib və onlara bildirilib ki, indiki şəraitdə kütləvi aksiyaların şəhərin mərkəzində keçirilməsi düzgün deyil. Azərbaycanda "Sərbəst toplaşmaq haqqında" qanun fəaliyyət göstərir. Bu qanuna görə, bu və ya digər kütləvi aksiyaları keçirmək üçün müvafiq icra hakimiyyətinə müraciət olunmalıdır və həmin icra hakimiyyətinin ayırdığı yerlərdə aksiyalar keçirmək olar. Lakin radikallar Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsinə qulaq asmayaraq yenidən öz radikallıqlarını nümayiş etdirməyə çalışırlar. Sizi əmin edirəm ki, bu aksiyaya vətəndaşlar dəstək verməyəcəklər. Az sayda insan radikal çağırışlara qulaq asaraq oraya gələcəklərsə, qanunla üz-üzə dayanacaqlar.

 

 

- 11 mart tarixindəki aksiya cəhdi arxasında hansı məqsədlər dayanır?

 

- Gənclərin vasitəsilə aksiya keçirmək istəyən radikal yönümlu dairələr və onları himayə edən qüvvələr sosial şəbəkələrdən istifadə edirdilər, gəncləri küçələrə, meydanlara çağırırdılar. Amma bütün cəhdlərə baxmayaraq onların istədiyi kimi aksiya baş tutmadı. Bununla da aksiya keçirmək istəyənlər iflasa uğradı. Eyni zamanda 11 mart aksiyasını müdafiə edən Müsavat və AXCP partiyaları da iflasa uğramış oldu. Bir daha göründü ki, Azərbaycan xalqı radikal çağırışların arxasınca getmir, mitinq əhval-ruhiyyəsindən tamam uzaqdır. Vətəndaşlarımız başa düşürlər ki, Azərbaycanda sabitliyə daha çox ehtiyac var, ölkə Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycanın qarşısında duran əsas vəzifə sosial-iqtisadi inkişafa nail olmaq və bu inkişaf sayəsində düşmən üzərində daha çox üstünlüyü təmin etməkdir. Azərbaycan iqtisadi vəziyyətinə görə Ermənistandan 10 dəfə üstündür. Ulu öndər Heydər Əliyevin başlatdığı və cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət nəticəsində baş verib. Biz Ermənistanla hərbi sahədə, ideoloji sahədə, diplomatik, iqtisadi cəbhədə üz-üzəyik. Belə bir şəraitdə Azərbaycanın inkişafı düşməni taqətdən salmağa yönələn bir siyasətdir. İqtisadi gücümüzün artmasının nəticəsidir ki, Ermənistan diplomatok cəbhədə, informasiya cəbhəsində bizə dalbadal məğlub olur. Ölkəmizi düşünən hər bir azərbaycanlı bunu başa düşür. Hansısa dairələrin sifarişi ilə hərc-mərclik yaratmaq əslində ümummilli marağımıza ziddir. Vətəndaşlar məhz buna görə də radikal çağırışlara qoşulmur, onu rədd edir və bundan sonra da rədd edəcək. Azərbaycan hansısa qüvvələrin təcrübə meydanı deyil. Azərbaycan bölgənin lider ölkəsidir və hansısa ölkələrin təsiri altında qərarlar qəbul etmir. Prezident İlham Əliyev praqmatik, qətiyyətli siyasət həyata keçirir. Onun bu siyasəti Azərbaycanın strateji maraqlarına uyğun bir siyasətdir. İndiki şəraitdə küçə yürüşləri milli maraqlarımıza zidd əməllərdir. 11 mart ilə bağlı "böyük xalq günü" sözünü işlətmək əslində tərbiyəsizlikdir, həm siyasi, həm də etika baxımından. Bir qrup adam gəncləri ətrafına toplamaq istəsə də bu iflasa uğradı. Müxalifət mətbuatının özündən də görünür ki, mətbuatın nümayəndələri iştirakçılardan çox idi. Azərbaycanın güclənməsi kimlərisə narahat edir, Azərbaycanın inkişafı erməni lobbisini, Azərbaycanı istəməyən bəzi qüvvələri və həmin dairələrlə əlbir olan radikalları qane etmir. Radikallar nə qədər pis olursa-olsun, bizim üçün yaxşıdır prinsipi ilə millərin maraqlarına zidd hərəkətlər edir. Radikallar niyyətlərini gizlətmir, "biz bu hakimiyyətlə mübarizə aparmaq üçün şeytanla belə əməkdaşlığa hazırıq" tezisini ortaya qoyurlar. Bütün bunlara rəğmən 11 martdakı iflas 12 martda da özünü göstərəcək. Hesab edirəm ki, radikalizm Azərbaycanda sonuncu addımlarını atmaqdadır. Azərbaycanda normal iqtidar-müxalifət rəqabəti üçün müstəvi var.

 

- Radikal müxalifət 11 mart keçirilməsinə cəhd olunan və bu günə nəzərdə tutulan aksiyanı ərəb ölkələrindəki hadisələrlə bağlamağa çalışırlar. Sizin buna münasibətiniz necədir?

 

- Bu cür tezislər ortada vardır. Bu tezis tamammilə yanlışdır, xəstə təxəyyülün məhsuludur. Ərəb dünyasında baş verənlərin kökündə başqa məqamlar dayanır. Həmçinin bu ölkələrəd baş verənlər və səbəbləri də bir-birindən də fərqlənir. Bu hadisələri Azərbaycanla bağlamaq məntiqsizlikdir. Azərbaycan öz inkişafına, siyasi vəziyyətinə, geocoğrafi mövqeyinə görə fərqlənir. Eyni zamanda Azərbaycanın keçdiyi yol tamamilə fərqlidir. Azərbaycan normal demokratik mühitə malik olan ölkədir. Ərəb ölkələrində uzun müddət fövqəladə vəziyyət həkm sürüb. Azərbaycanda azad mətbuat var, siyasi partiyalar azad şəkildə fəaliyyət göstərir. Bizim üzləşdiyimiz problemlər də tamamilə fərqlidir. Belə olan halda Azərbaycanda baş verənləri ərəb dünyasındakı hadisələrlə bağlamaq hesab edirəm ki, müxalifətin proqnoz verən nümayəndələrinin geopolitik məsələləri yaxşı bilməməsi, ya da məsələləri qəsdən təhrif etməsindən irəli gəlir. Ötən əsrin ortalarında Balkanlarda müxtəlif hadisələr baş verdi. İndiki radikal müxalifət həmin hadisələrin Azərbaycanla bağlılığı haqqında "proqnozlar" verdilər. 2000-ci illərin əvvəllərində Ukrayna, Gürcüstan, daha sonra Orta Asiya ölkələrində müxtəlif rəhgli inqilablar oldu. O zaman da radikal müxalifət həmin hadisələri Azərbaycanda təkrarlanacağı haqda fikirlərlə çıxış etdi. Bu iddiaların hamısı ortaya çıxıb. Azərbaycandakı ictimai-siyasi vəziyyəti ərəb dünyasındakı hadisələrlə eyniləşdirmək istəyənlər səhv etdiklərini anlayacaqlar və başa düşəcəklər ki, Azərbaycan özünəməxsusluğu ilə seçilən ölkədir. Azərbaycan prezidenti xalqı irəliyə aparır, xalqın söykəndiyi ideoloji təməl prinsipləri var, bunlar demokratik dəyərlər, azərbaycançılıq və digərləridir. Azərbaycan irəli getdikcə üzləşdiyi bütün problemləri həll etdiyi kimi Azərbaycan radikallarını kənara atacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə