Azərbaycan parlamenti yeni Ombudsman seçdi

Azərbaycan parlamenti yeni Ombudsman seçdi

Səsvermə nəticəsində Ombudsman seçilən Səbinə Əliyeva Milli Məclisdə and içdi

Dünən Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

Məsələ müzakirə edildikdən sonra səsverməyə qoyulub. Səsvermə nəticəsində Səbinə Yaşar qızı Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib.

Səbinə Əliyeva andiçmə mərasimi zamanı ölkə başçısı İlham Əliyev Cənablarına minnətdarlığını bildirib: "Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Mənə etimad göstərib, bu vəzifəyə namizədliyimi Milli Məclisə təqdim etdiyinə görə, Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm".

O, parlament üzvlərinə də onu yeni Ombudsman seçdiklərinə görə təşəkkürünü çatıdırıb: "Sizi əmin etmək istərdim ki, ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Prezidenti Cənab İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminə töhfə verilməsi, bununla da, cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün səylərimi əsirgəməyəcəm. Vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən, yetkinlik yaşına çatmayan insanların bütün azadlıqlarının səmərəli qaydada təmin edilməsi İnsan Hüquqları üzrə Müvəkkilin işinin prioritet istiqaməti olacaq.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, hüquqları pozulmuş vətəndaşlarımızın müdafiəsi, işğal nəticəsində, tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu işin mühüm tərkib hissələrindəndir".

Yeni Ombudsman kimdir?

Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan S.Əliyeva, eyni zamanda, hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. S.Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.

Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.

Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 2002-ci ildən Ombudsmandır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə