YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib

YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib

Noyabrın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar keçirilən mərasimdə bir çox məsələlərə diqqət çəkdiyini bildirib.

O qeyd edib ki, dövlətimizin başçısının nitqi gənclər üçün proqram xarakterli idi. Prezident İlham Əliyev vurğuladı ki, gənclər Azərbaycan tarixini yaxşı bilməlidirlər. Bugünkü inkişafımızın, dövlətçiliyimizin memarının ümummilli lider Heydər Əliyev olduğunu unutmamalıdırlar. Azərbaycan Prezidenti dövlət müstəqilliyimizin əbədi və toxunulmaz olduğunu gənclərin diqqətinə çatdırdı.

“Xaricdəki qaranlıq qruplardan maliyyələşən bəzi şəxslər indi gənclərin beynini zəhərləməyə çalışırlar. Biz xalq olaraq həmişə mənəvi və əxlaqi məsələlərə böyük önəm vermişik. Bizim öz əxlaqi, mənəvi, əsrlərlə formalaşmış dəyər kodekslərimiz var. Azərbaycan dövləti öz dəyərləri üzərində inkişaf yolunu əsas prinsip kimi götürüb, bu yolda da inamla irəliləyir”, - deyə Ş.Hacıyev qeyd edib.

Görüşdə iştirak edən gənclər Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət barədə fikirlərini bildiriblər. Onlar Azərbaycanda dövlət tərəfindən gənclərə xüsusi diqqət yetirildiyini vurğulayıb və buna görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə