Seymur Orucov: "Düşmən qüvvələr Azərbaycanda məqsədlərinə çatmaq üçün bir qrup gəncdən istifadə etməyə çalışır"-MÜSAHİBƏ

Seymur Orucov: "Düşmən qüvvələr Azərbaycanda məqsədlərinə çatmaq üçün bir qrup gəncdən istifadə etməyə çalışır"-MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Seymur Orucovun SİA-ya müsahibəsi:

- Son zamanlar ictimaiyyətdə belə bir fikir formalaşıb ki, xaricdən sifariş alan bir qrup gənc paytaxtda iğtişaşlar törətməyi planlaşdırır. Sizcə, bu plan nə dərəcədə realdır?


- Nəzərinizə çatdırım ki, bir qrup gəncin iğtişaş törədə bilməsi heç bir reallığa söykənmir. Bunun üçün gərək kütləvi narazılıqlar olsun. Yəni, gənclərə qayğı göstərilməsin və onlar da bu narazılıqları etiraz aksiyaları şəklində göstərsinlər. O cümlədən möhtəşəm aksiya keçirmək üçün sosial baza olmalıdır. Bunlar nəinki iğtişaş, kütləvi tədbir, hətta 20-30 nəfəri bir yerə yığıb aksiya keçirə bilməyəcək qədər zəif sosial qruplardır. Gənclərin əksəriyyəti onları dəstəkləmir. Məsələnin kökündə ən başlıca amil bu gün Azərbaycan gəncliyinə dövlətin sahib çıxmasıdır. Onlara diqqət və qayğı var. Gənclər haqqında proqramın qəbul edilməsi, hər il Gənclər Gününün qeyd olunması və onların xaricdə təhsil almaları üçün şəraitin yaradılması, bir çox gəncin ölkə prezidenti tərəfindən təltif edilməsi, idman komplekslərinin, idman sağlamlıq düşərgələrinin tikilərək istifadəyə verilməsi, təhsilimizin günü-gündən inkişaf etməsi, Azərbaycanda informasiya texnologiyalarına münasibət və bunların günü-gündən həyata keçirilməsi gənclərin artıq "naftalin" qorxan müxalifət partiyaları ilə əməkdaşlıq etməsinə sipər çəkir. Bu, sadəcə olaraq 5-10 adamın, həyatından küskün, əqli cəhətdən tam yetişkən olmayan, cılız insanların müxtəlif adlarla "facebook"da, sosial paylaşma şəbəkələrdə, "odnoklasniki"də çıxardıqları hoqqabazlıqdır. Onlar nə iğtişaş, nə aksiya, nə də digər formalı çıxışlar törədə biləcək gücə malik deyillər. Biz gənclərlə söhbətlər aparırıq. Əksəriyyət bu kimi çağırışlara heç əhəmiyyət vermir. Buna görə də nə isə baş verəcəyini real hesab etmirəm.


- Küçələrə çıxıb hay-küy salmaqla ictimai-siyasi sabitliyə xələl gətirmək mümkündürmü?

- Bu qeyri-mümkündür. Azərbaycanda hakimiyyətin sosial bazası zəif deyil, mən deyərdim ki, kifayət qədərdir. Ona görə də, belə hadisələr heç nəyi dəyişə bilməz. Müəyyən qruplar istəsə, xarici qüvvələrin və yaxud Azərbaycanın düşmənləri ilə əlbir olsalar belə istəklərinə nail ola bilməzlər, gənclərin özləri buna imkan verməzlər. Azərbyacan gəncləri öz dövlətinə, millətinə, xalqına bağlı elə insanlardır ki, dövlətçiliyimizə zərrə qədər də xələl gəlməsinə imkan verməzlər. Onu demək istəyirəm ki, narahat olmayın, 1nəfər 500 adla, 200 adla, 20 adla bloq yaradıb çağırışlar yaza bilər. Onlar görünüş etibarı ilə çox görünə bilər, amma keyfiyyət etibarı ilə bir saydadır. Bunu üçün də, belə hesab etmirəm ki, kimsə Azərbaycanda bu günki sabitliyə xələl gətirə bilər və yaxud hay-küy saymaqla nəyəsə nail ola bilərlər.


- Müxalifətin törətmək istədiyi iğtişaşlarda, qarşıdurmalarda gənclərdən sui-istifadə olunmasına və aksiyalara cəlb olunmasına, o cümlədən beynəlxalq təşkilatların bu məsələyə qərəzli münasibətinə sizin mövqeyiniz necədir?


- Gənclər, xüsusi jurnalistlər tərəfindən belə sui-istifadə hallarına yol verilir. Üzümü həmin gənclərə tutub səslənirəm ki, əziz gənclər siz, biz hələ ki, gəncik dövrünü yaşayırıq. Sizlərin də öz iradəniz, fikriniz olsun, belə çağırışlara aldanmayın, getməyin. Siz necə icazə verərsiz ki, kimsə Azərbaycanda vəziyyəti gərginləşdirsin? Sonra peşman olmaqdansa, öncədən düşünün ki, yalanlara aldanmayasınız. Gəlin, bizə qoşulun, xarici təşkilatlardan pul alıb, onların maliyyə dəstəyi ilə öz həyatlarınızı qırmayın. Bunun əvəzində xarici ölkələrdə oxuyun, inkişaf edin, Azərbaycan həqiqətlərini yayın, dil öyrənin, mütəxəssis olun. Əgər bu şeylərə gedirsinizsə, belə təsir altına düşürsünüzsə, demək sizin müəyyən psixoloji probleminiz var.


- Bu aksiyaların planlaşdırılmasında xarici qüvvələrin rolu varmı?


- Bu gün Azərbaycan çox güclü iqtisadi inkişaf yolundadır. İqtisadi inkişaf təkcə dildə deyil. Biz bunu rəqəmlərlə də ifadə edə bilərik. Dünyanın əksər ölkəsində tənəzzül baş verdiyi halda, Azərbaycanın ümumdaxili məhsulu 5,7% artıb. Keçən il Azərbaycana qoyulmuş 15,1 milyon dollar vəsaitin 9,5 milyon qeyri-neft sektoruna yönəlib. Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatından asılı deyil, ölkədə yoxsulluğun səviyyəsi 9,1%-ə düşüb. Bütün bunlarla bərabər dünya, Avropanın bəzi ölkələri Azərbaycandakı sabitliyi və inkişafı qısqanır. Artıq heç kim Azərbaycanı inkişafdan saxlaya bilməz. Çünki Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Ölkənin valyuta ehtiyatları kifayət qədərdir. Cənab prezidentimizin apardığı siyasət nəticəsində Azərbaycan özünün iqtisadi inkişaf proqramlarını düzgün həyata keçirir. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı cənab prezidentə o qədər bağlıdır ki, bu ölkəyə heç kim heç nə ilə təsir edə bilməz. Düşmən qüvvələr məqsədlərə çatmaq üçün bir qrup gəncdən istifadə etməyə çalışır. Müəyyən jurnalistlər var ki, tələbədirlər. Onların danışıqlarından hiss olunur ki, özləri də bilmədən kimsə onları öz tərəflərinə çəkərək savadlarından istifadə etməyə çalışıblar. Biz də onlara deyirik ki, bu yoldan çəkinsinlər, həqiqətləri yazsınlar. İnsan heç vaxt vətəninə xəyanət etməməlidir.


- YAP Gənclər Təşkilatı müxalifətin uydurduğu yalanlara uyaraq onların təsirinə düşən gənclərin bu yoldan çəkindirmək üçün hansı işlər görür?


- Biz YAP Gənclər Təşkilatı olaraq artıq danışıqlar, debatlar, diskussiyalar, internet məkanda, sosial şəbəkələrdə söhbətlər aparmışıq. Müəyyən gənclərimiz var ki, onlar sosial şəbəkələrdə həmin gənclərə şərhlər yazaraq onlarla diskussiya apararaq həqiqətləri izah edir, hökumətinə, dövlətinə bağlı olmalarını tövsiyə edirlər. Bir çox gənc artıq öz səhvlərini başa düşüb və müxalifətdə deyillər. Xarici dövlətlər Azərbaycanda bu sabitliyi pozmaq üçün gənclərdən istifadə edirlər. Çoxu bu yoldan qayıdaraq vətəninə, xalqını sevən gənclərin arasına qoşulub. Bu məsələlərin həlli əsasən təbliğatdan asılıdır. YAP Gənclər Təşkilatının üzvü olaraq sosial şəbəkələrdə qruplar yaradaraq gəncləri düzgün yola dəvət edirik. Artıq müəyyən qədər nəticələrimiz də var.

Bütün xəbərlər Facebook səhifəmizdə