Elman Nəsirli: “Sərhəddə olan olay Rusiyanın təşkil etdiyi görüşlərin perspektivlərini sual altına alır”-MÜSAHİBƏ
Politoloq Elman Nəsirlinin SİA-ya müsahibəsi:
- Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünün Rusiyanın vasitəçiliyi ilə baş tutumasına baxmayaraq sərhəddə olan olaya rəsmi Moskva seyrci qalıb. Bunu necə qiymətləndirisiniz?- Biz bu onu bilirik və həqiqəti çox gözəl dərk edirik ki, həmsədrlərdən ikisi-Fransa və ABŞ obyektiv və subyektiv səbəblərdən daha çox müşahidəçi qismindədirlər. Sanki onlar Rusiyanın 2010-cu ildə danışıqlar prosesinə təşəbbüskar olması, məhz görüşlərin Rusiyanın ərazisində keçirilməsi ilə barışıblar. Sanki izləyici mövqedədirlər. Bunu da dərk edən Rusiya vəziyyətdən istifadə edərək danışıqlar prosesində daha real tərəf kimi çıxış edir. Rusiya doğrudan da fəaldırsa, tənzimləmə prosesində təşəbbüslərlə çıxış edirsə, 2011-ci il başlanan kimi Soçi görüşünü təşkil edirsə, deməli onun da fərqində olmalıdır ki, belə hadisələr onun təşkil etdiyi görüşlərin perspektivlərini böyük sual altına alır. Bunların hamısı Rusiyanın həmsədr funksiyasına, onun münaqişənin tənzimlənməsində fəal mövqeyinə mənfi təsir edir. Təbii ki, Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələyə reaksiya verməlidir. Təəssüf ki, Rusiya xarici işlər nazirinin mətbuat katibi belə bununla bağlı konkret mövqe ortaya qoymayıb. Şübhəsiz ki, belə yanaşmalar, Rusiyanın həmsədr ölkə kimi üzərinə düşəcək funksiyanı lazımi səviyyədə yerinə yetirməməsi Azərbaycan ictimaiyyətinə çox ciddi təsir edir. Əgər həmsədrlər bu prosesdə qəti söz deməsə, Ermənistanı sülhə məcbur etməsələr, Azərbaycan dövləti öz gücündən istifadə edəcək. Ermənistanın son davranışları bir daha onu təsdiqləyib ki, beynəlxalq hüquqi sənədlər sanki prinsipiallıq mübarizəsinə çevrilib, beynəlxalq birlik də hələ ki, buna dözür. Xüsusilə Azərbaycan ictimaiyyəti Rusiyadan bu fəallığın kontekstində, fonunda öz mövqeyini bildirməsini gözləyir. Hələ ki, bu yoxdur və hesab edirəm ki, bu Azərbaycan-Rusiya münasibətlərinin indiki səviyyəsinə uyğun gəlməyən bir davranışdır.
- Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində konstruktiv mövqe göstərir. Ola bilərmi ki, bunun kökündə duran səbəblər Azərbaycanın Dağlıq Qarabağla bağlı bəyanatları ilə əlaqədardır?
- Rusiyanın bu və digər məsələlərdə passiv mövqeyini qeyd etsək də belə, amma hər halda bir həqiqəti danmaq mümkün deyil. 2010-cu ildə bütün danışıqlar prosesində nə ABŞ prezidenti Barak Obama, nə Fransa prezidenti Nikola Sarkozi təşkilatçı və təşəbbüsçü kimi çıxış etməyib. Qarabağ tənzimlənməsi nə Vaşinqtonda, nə də Parisdə müzakirə olunmayıb. Bu nöqteyi-nəzərdə Rusiyanın fəallığı diqqətdən yayınmır. Amma heç şübhəsiz ki, Rusiyanın bu fəallığının kökündə öz maraqları dayansa belə bir faktı nəzərdən qaçırmaq mümkün deyil. Bu da onunla bağlıdır ki, Azərbyacan güclənməkdədir, çox güclü iqtisadi potensialı, regionda ən böyük hərbi potensialı var. 2011-ci ilin hərbi büdcəsi 3 milyard 150 milyondur ki, bu bütün Ermənistanın büdcəsindən 850 milyon dollar çoxdur. Azərbaycan güclənməkdədir. Biz gücləndikcə Ermənistanı müdafiə edən Rusiya da bu həqiqəti dərk edir və buna uyğun adekvat addım atmağa başlayır. Əgər Qarabağ probleminin həllində nəsə bir dəyişiklik, irəliləyiş olmasa, güclənməkdə olan, qüdrəti günü-gündən artan, regionun ən güclü dövlətinə çevrilən Azərbaycanın müharibəyə başlaması labüdləşə bilər. Rusiya isə bunu istəmir.
- Azərbaycan tərəfi əgər hərbi əməliyyatlara başlasa, ATƏT-in Minsk Qrupundakı həmsədr ölkələrin mövqeyi Ermənistanın maraqları üzərində qurulacaq, yoxsa necə?
- Bugünki halda BMT-nin 193 ölkəsi var. Onlardan 192 ölkənin hər biri münaqişənin həlli ilə bağlı sülh variantını dəstəkləyir. Bugünki geosiyasi vəziyyətdə bu reallığın kənara qoyub müharibəyə başlasaq belə çıxacaq ki, biz günahkarıq, bütün dünyanın beynəlxalq ictimai fikri rədd edirik və sair. Gərək müharibəyə başlamaq üçün geosiyasi vəziyyət də bizim xeyrimizə dəyişsin. Onun dəyişməsi üçünsə bugünki inkişaf tempi saxlanmalı və daha gücləndirilməlidir. Gücləndikcə həmin dövlətlər istəyəcəklər ki, müharibə olmasın. Onu da dərk edəcəklər ki, bu cür güclü dövlətin qarşısında dayanmaq, onun müharibə istəyinin qarşısından sədd çəkmək mümkün deyil. Bu həqiqəti dərk etməlidir. Hələ ki, dərk etmir və hesab edirlər ki, Azərbaycan hərbi cəhətdən güclü deyil. Amma bu proses gedir. Azərbaycanın erməniləri üstələməsi üçün bütün potensial və imkanları var. Həmin anda beynəlxalq güclərin mövqeyinin necə dəyişəcəyini gözləyirik. O zaman Ermənistandan təkidlə tələb edəcəklər ki, sülhü imzala, yeniləşmiş Madrid Prinsiplərini qəbul et və barış vəziyyətinə gəl. Bu tendensiya müşayiət olunmaqdadır. Hadisələrin gedişatı Azərbaycanın xeyrinə dəyişməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB