Bələdiyyə seçkilərinə hazırlıq işləri uğurla davam etdirilir

Bələdiyyə seçkilərinə hazırlıq işləri uğurla davam etdirilir

Mərkəzi Seçki Komissiyasının Bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət planına müvafiq olaraq məntəqə seçki komissiyasının üzvləri üçün maarifləndirici treninqlər davam etdirilir. SİA-nın verdiyi məlumata görə, 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən treninqdə 39 məntəqə seçki komissiyasının sədri və komissiya üzvlərinin iştirakı nəzərdə tutulub.

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinin uğurla davam etdirildiyini deyən dairə seçki komissiyasının sədri Natiq Əliyev bildirib ki, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Maarifləndirici treninqlərin əhəmiyyətindən danışan N.Əliyev deyib ki, treninqlərdə komissiyaların sədrlərinə və üzvlərinə səsvermə günü görüləcək işlərlə bağlı məlumatlar verilir.

Bildirib ki, seçki dairəsi üzrə seçicilərin sayı 47 min 830 nəfərdir. Seçicilərin 46 faizini kişilər, 54 faizini isə qadınlar təşkil edirlər. Onların 25 faizi gəncdir və 605-i ilk dəfə səs verəcək. Seçki dairəsi üzrə bütün seçki məntəqələri tam təmirlidir.

“Namizədlərin təşviqatı ilə bağlı bütün seçki məntəqələrinə yaxın ərazilərdə təşviqat lövhələri quraşdırılıb. Məntəqə seçki komissiyalarına səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtında paylanılması tərəfimizdən təmin ediləcək. Kursların keçirilməsində əsas məqsəd komissiya üzvlərinin seçki sahəsində bilik və bacarıqlarının artırılması, onlarda işgüzar vərdişlərin təkmilləşdirilməsidir”, - deyə N.Əliyev əlavə edib.

Dairə seçki komissiyasının katibi Faiq Əliyev və üzvü Nizami Novruzov tərəfindən aparılan treninqlərdə iştirakçılara “Səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri”, “Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri”, “Seçki günü prosedurları və müstəsna hallar”, “Səslərin sayılmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı, səslərin sayılması və yekun protokolun doldurulması”, “Səsvermə prosedurlarına dair praktiki tapşırıqlar” mövzularında məlumatlar verilib.

Həmçinin treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə