"Prezidentin mərasimdə iştirakı BDUya verilən böyük qiymət idi" RƏY-ÖZƏL

"Prezidentin mərasimdə iştirakı BDUya verilən böyük qiymət idi" RƏY-ÖZƏL

"Prezident İlham Əliyevin BDU-nun 100 illiyi ilə bağlı təntənəli mərasimdə iştirakı və geniş nitqi BDU-ya, Cümhuriyyət qurucularımıza növbəti böyük dəyər, qiymət idi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Prezident İlham Əliyevin BDUnun təsis edilməsi ilə bağlı fikirlərini xatırladan deputat söyləyib ki, ölkə başçısı bu fikirləri ilə BDU-nun yaradılmasında tarixi xidmətə və əməyə malik olanlara öz hörmət və ehtiramını ifadə etdi: "Dövlət başçısı söylədi ki, Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir”.

E.Səlimov söyləyib ki, bununla yanaşı Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi BDU təkcə ali təhsil ocağı, elm məbədgahı olmayıb, həm də Azərbaycan tarixinin bir parçası, Azərbaycan ziyalılığının, Azərbaycan siyasətinin, Azərbaycan idarəciliyinin ünvanı, məkanı olub, bu gün də belədir: "Belə bir ali təhsil ocağı ilə fəxr etməmək, qürur və iftixar hissi keçirməmək mümkün deyil. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirib, məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxıb və onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini verib".

Deputat hesab edir ki, BDU bundan sonra da Azərbaycan ali təhsil ocaqları arasında birinciliyini, öncüllüyünü, öndərliyini qorumaqla, dünyanın ən nüfüzlu al məktəblərinin ilk yüzlüyündə və onun ilk sıralarında olacaq. Buna hər cür imkan və potensial var.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə